Başqa bir banka məxsus bankomatdan cəmi 15 manat pul çəkən vətəndaş bir də görüb ki, onun hesabından düz 4 manat 50 qəpik xidmət haqqı çıxılıb. Hadisə paytaxt sakini Nicat Manafov adlı şəxsin başına gəlib. İndi həmin şəxs ona dəymiş maddi zərərin ödənilməsini istəyir. Əslində bu məsələ necə tənzimlənməlidir? Bu kimi hallarda bank xidmət haqqına görə, vətəndaşın hesabından nə qədər pul silə bilər? Bu sualların cavabını bilmək istəyirsizsə, xəbərimizi izləyin...

Unikal.org xezerxeber.com-a istinadən bildirir ki, Nicat Manafov dünən banklardan birinə məxsus olan kart vasitəsi ilə başqa bir bankın bankomatından 15 manat məbləğində nağd pul çəkib. Cəmi 15 manat qarşılığında isə həmin bankomat onun hesabından əlavə olaraq 4 manat 50 qəpik də komissiya haqqı çıxıb.

Nicat Manafovun sözlərinə görə, bu məbləğin tutulması ilə bağlı ona əvvəlcədən heç bir xəbərdarlıq da edilməyib. Habelə kartın məxsus olduğu bankla müqavilədə belə hallarda tarif haqlarının nə qədər olması ilə bağlı bənd də yoxdur

İndi isə zərərçəkən ona dəymiş ziyanın geri ödənilməsini istəyir.

Bank eksperti Anar Ramazanov isə deyir ki, burada müştərinin hüquqları pozulub. Çünkü ödəniş kartları ilə həyata keçirilən bütün əməliyyatlar Mərkəzi Bankın təsdiq etdiyi ''Ödəniş kartlarının emisiyası və istifadə qaydaları'' ilə tənzimlənir. Bu qaydalar da isə bankların qarşısına bir sıra tələblər qoyulub.

Əgər bankla vətəndaş arasında bağlanan müqavilədə bu şərtlər göstərilməyibsə, o zaman vətəndaş hüququ yolla ona dəymiş zərəri bankdan tələb edə bilər.

Ekspertin tövsiyyəsi odur ki, belə problemlərin yaşanmaması üçün vətəndaşlar banklardan kartlar alarkən, mütləq müqavilə bağlamalı və həmin müqavilənin 1 nüsxəsini bankdan tələb etməlidirlər.