Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə mart ayı yaşıllaşdırma aylığı elan olunub.
Unikal.org xəbər verir ki, artıq sərəncamdan irəli gələn vəzifələrin icrasına başlanılıb. Şənbə günü rayonun idarə, müəssisə və təşkilatlarının əmək kollektivlərinin, habelə ictimaiyyətin nümayəndələrinin iştirakı ilə ümumrayon iməciliyi keçirilib, magistral yolların kənarında, Hava limanı ərazisində, şəhərin park və bağlarında 1500 ədəd müxtəlif növ ağac əkilib, sıradan çıxmış ağaclar yenisi ilə əvəz olunub, aqro-texniki qulluq göstərilib və suvarılıb.
Eyni zamanda, şəhərin prospekt və küçələrində hündür ağacların gövdələri ağardılıb, qurumuş budaqları budanıb.
Növbəti kütləvi ağac əkini üçün yerlər hazırlanıb. Şəhərin Sahil parkına bitişik ərazi təmizlənib, münbit torpaq tökülərək əkinə yararlı vəziyyətə gətirilib.