İrandan diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulub.
Kənd Təsərrüfatı Nazirliyindən Unikal.org-a verilən xəbərə görə, Heyvan Sağlamlığı Təşkilatı tərəfindən (BEB) 22 noyabr 2016-cı il tarixdə İran İslam Respublikasının Tehran bölgəsində iki damazlıq quşçuluq təsərrüfatında ev quşları arasında yüksək patogenli quş qripi (H5N8) xəstəliyinin yayılması barədə məlumat daxil olub.
Bununla əlaqədar Azərbaycan ərazisinin başqa dövlətlərdən keçə biləcək yoluxucu və ekzotik xəstəliklərdən qorunması məqsədilə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən yüksək patogenli quş qripi xəstəliyi qeydə alındığı üçün İrandan diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti olaraq məhdudiyyət qoyulması məqsədi ilə əmr imzalanıb.
İranda ev quşları arasında yayılmış yüksək patogenli quş qripi (H5N8) xəstəliyi ilə bağlı ölkəmizin bu xəstəlikdən qorunması üçün zəruri baytarlıq-sanitariya tədbirlərinin görülməsi barədə Dövlət Baytarlıq Nəzarət Xidmətinin müvafiq bölmələrinə tapşırıq verilib.
Əmrdə dövlət baytarlıq nəzarətində olan digər yüklərin idxalı məsələsinə İranın Dövlət Baytarlıq Xidmətinin yükün çıxarıldığı ərazinin epizootik vəziyyəti və məhsulun sağlamlığı haqqında rəsmi arayışı olduğu təqdirdə baxılması qeyd olunub.
Dövlət Baytarlıq Nəzarəti Xidməti əhaliyə tövsiyə edir ki, quşları baytarlıq-sanitariya tələblərinə riayət etməklə qapalı şəraitdə saxlasınlar.