Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə Silahlı Qüvvələrdə xidmət edən qadınları təbrik edib. "Report" xəbər verir ki, təbrik mətnində deyilir:
"Əziz qadınlarımız!
Sizi 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edir və ən xoş arzularımı bildirirəm.
Azərbaycan qadınları tarixin bütün mərhələlərində kişilərlə birlikdə ölkənin ictimai-siyasi, mədəni həyatında fəal iştirak edib, Vətənin müdafiəsində və dövlətin idarə olunmasında fədakar xidmətlər göstəriblər.
Qarabağ müharibəsinin ilk günlərindən könüllü olaraq döyüşlərə atılan qadınlarımız şəxsi igidlik nümunələri göstərib, onların bir çoxu şəhidlik zirvəsinə ucalıb, Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş, orden və medallarla təltif olunublar.
Bu bayram günündə şəhid qadınlarımızın xatirəsini hörmət və ehtiramla yad edir, onların doğmalarına, ümumiyyətlə, bütün şəhid analarına, şəhid hərbi qulluqçuların vəfalı ömür-gün yoldaşlarına, eləcə də Vətənə layiqli övladlar yetirən əsgər analarına bayram təbriklərimi çatdırıram.
Hazırda Silahlı Qüvvələrimizin bütün qoşun növlərində, xüsusi təyinatlı hərbi təhsil müəssisələrində, hərbi tibb ocaqlarında və digər sahələrdə yüzlərlə qadın xidmət edir və Vətən qarşısında vəzifə borclarını şərəf və ləyaqətlə yerinə yetirirlər.
İnanıram ki, Silahlı Qüvvələrimizdə xidmət edən qadınlarımız bundan sonra da ölkə rəhbərliyinin etimadını doğruldacaq, göstərilən diqqət və qayğıya cavab olaraq Vətənə, xalqa, dövlətə sədaqətlə xidmət edəcəklər.
Bayramınız mübarək olsun, əziz qadınlarımız"