2017-ci ilin dövlət büdcəsinin layihəsində Bakı şəhəri üzrə nəqliyyat sahəsində avtomobil nəqliyyatı ilə sərnişindaşımanın təkmilləşdirilməsi və islahatların keçirilməsi üçün Bakı Nəqliyyat Agentliyinə ilk dəfə olaraq 46 mln. manat vəsait proqnozlaşdırılıb.
Unikal.org xəbər verir ki, bu barədə "Report" Hesablama Palatasının 2017-ci il dövlət büdcəsi haqqında qanun layihəsinə rəyinə istinadən xəbər verir.
Bakı Nəqliyyat Agentliyinə nəzərdə tutulmuş 46 mln. manat vəsaitin 2,8 mln. manatı və ya 6,1%-i Bakı şəhərində nəqliyyat əməliyyatlarının intellektual idarə edilməsi Mərkəzinin saxlanılması ilə bağlı xərclərə, 3,2 mln. manatı və ya 7,0%-i Bakı şəhərində avtonəqliyyat infrastrukturunun təkmilləşdirilməsi üçün məsləhət xidmətləri haqqının ödənilməsi ilə bağlı xərclərə, 40 mln. manatı və ya 86,9%-i isə nəqliyyat sahəsində idarəetmə sisteminin təkmilləşdirilməsi və nizamlanması, sərnişindaşımada avtomobil nəqliyyatı xidmətinə nəzarətin təşkili, nəqliyyatın hərəkətinin tənzimlənməsi və digər tədbirlərin görülməsi ilə bağlı xərclərə yönəldiləcək.
Eyni zamanda, 2017-ci ilin dövlət büdcəsinin layihəsində ilk dəfə olaraq Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinə və Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinə ayrı-ayrılıqda 250 min manat vəsait proqnozlaşdırılıb.