2016-cı
ilin yanvar ayının əvvəlinə ölkə əhalisinin ümumi sayının 50,2 faizini və ya 4
milyon 870,0 min nəfərini qadınlar təşkil edib. Ötən il doğulmuş 166,2 min
körpənin 46,8 faizini qız uşaqları təşkil edib. Qadınların 54,8 faizi nəsilvermə
qabiliyyətinə malikdir və orta hesabla hər 10 qadın dünyaya 21 uşaq gətirir.
Dövlətin daim diqqət mərkəzində saxladığı ən mühüm məsələlərdən biri də
qadınların sağlamlığının qorunmasıdır. Hazırda ölkədə 20 doğum evi, 138 qadın məsləhətxanası,
251 uşaq poliklinikası və ambulatoriyası qadınların sağlamlığının keşiyində
durur. Ölkənin sosial-iqtisadi həyatında fəal iştirak edən Azərbaycan
qadınlarının məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi 48,5 faizdir.
Ölkənin ümumi təhsil müəssisələrində müəllimlərin 78,5 faizi, orta ixtisas təhsil
müəssisələrində 78,6 faizi, ali təhsil müəssisələrində 52,0 faizi, həkimlərin
isə 65,0 faizi qadınlardır. Ümumi təhsil müəssisələrində şagirdlərin 46,0
faizi, orta ixtisas təhsil müəssisələrində oxuyanların 66,7 faizi, ali təhsil
müəssisələrinin tələbələrinin 48,8 faizi qızlardır.
Elmin inkişafında da qadınların müstəsna rolu vardır. Elmi işçilərin 53,5
faizini qadınlar təşkil edir. Son 5 ildə həm elmlər doktoru, həm də fəlsəfə
doktoru dərəcəsi olan qadınların sayı 2,3 dəfə artıb. Azərbaycan Milli Elmlər
Akademiyasının həqiqi üzvlərindən 5-i, müxbir üzvlərindən isə 14-ü qadındır.
Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 28,9 faiz,
sahibkarlar arasında isə 19,7 faizdir. Bədən tərbiyəsi və idmanla məşğul
olanların 40,6 faizi qadınlardır.
Milli Məclisdə qadın millət vəkillərinin sayı da artır. Əgər 1990-cı ildə bütün
deputatların 4,3 faizini, 2000-ci ildə 10,7 faizini qadınlar təşkil edirdisə,
bu gün ölkə Parlamentində qadınların xüsusi çəkisi 16,9 faizə çatıb.
İlk bələdiyyə seçkilərinə nisbətən son bələdiyyə seçkilərində bələdiyyə üzvü
seçilmiş qadınların sayı 6 dəfə artaraq 5236 nəfərə çatmış və bələdiyyə üzvləri
arasında onların xüsusi çəkisi 35,0 faiz olmuşdur. Bu göstərici ilk bələdiyyə
seçkilərində 4,0 faiz təşkil edib.
Diqqəti cəlb edən faktlardan biri də nəqliyyat vasitələrinin idarə olunması
üçün sürücülük vəsiqəsi alan qadınların sayının ildən-ilə artmasıdır. Belə ki,
2008-ci ildə onların sayı 6187 nəfər olduğu halda, 2015-ci ildə 8521 nəfərə
çatıb.
Beləliklə, Azərbaycan qadınları cəmiyyətimizin tam hüquqlu üzvləri kimi ölkənin
sosial, iqtisadi və ictimai-siyasi həyatında fəal iştirak edirlər.