Azərbaycanın "Eurovision -2016" mahnı müsabiqəsində təmsil edəcək iştirakçının kimliyi ilə bağlı məlumatlar yayılıb.
Unikal.org Qafqazinfo-ya istinadən məlumatına görə, bu il İsveçin paytaxtı Stokholm şəhərində keçiriləcək müsabiqədə "Səs Azərbaycan"ın finalçısı Səmra Rəhimlinin təmsil edəcəyi iddia olunur.
Bununla bağlı sosial şəbəkələrdə də müğənninin dostları paylaşımlar ediblər, onu bu münasibətlə təbrik mesajları yazıblar.
Azərbaycanın "Eurovision" fan səhifəsi olan "İNFE Azerbaijan"da Səmranın ölkəmizi təmsil edəcəyi elan edilib.
Məsələ ilə bağlı İctimai Televiziya və Radio Yayımları şirkətinin (İTV) sözçüsü Akif Cabbarlı açıqlamasında xəbəri nə təsdiq, nə də inkar edib:
"Azərbaycanı təmsil edəcək şəxsin kimliyi mart ayının 14-də açıqlanacaq. Bu barədə danışmaq istəmirəm. Milli seçim turlarının nəticələrini elan edəcəyik, İTV-nin rəsmi saytında yayımlayacağıq".
Qeyd edək ki, Səmra Rəhimli "Səs Azərbaycan" musiqi yarışmasında 4-cü yerə çıxıb.
Xatırladaq ki, Səmra Rəhimli bir müddət əvvəl "O səs Türkiyə" verilişi ilə gündəmə gəlmişdi. Belə ki, azərbaycanlı iştirakçı müsabiqədə yarımfinalda məğlub olmuşdu.