"Biz müsəlman ölkələrində müsəlmanların biri-birini qırmasına, qardaş qanı axıdılmasına laqeyd baxa bilmərik.

Unikal.org-un məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev "Qafqazda dini tolerantlıq ənənələri və Azərbaycanın multikulturalizm modeli mövzusunda beynəlxalq konfransda iştirak edən Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri ilə görüşü zamanı deyib.

"Düşünürəm ki, bizim praktiki işlərimizin və rəsmi bəyanatlarımızın nümunəsi hamı üçün yaxşı dərs olmalıdır. Biz öz fəaliyyətimizlə nəinki Qafqaz regionunda münasibətlərimiz çərçivəsində birliyi möhkəmləndiririk, həm də Azərbaycan dünyada bütün müsəlmanların həmrəyliyi üçün böyük işlər görür. Biz fəxr edirik ki, Bakıdan sonra artıq Azərbaycanın ikinci şəhəri Naxçıvan 2018-ci il ərzində ISESCO tərəfindən ona təqdim edilən İslam dünyasının mədəniyyət paytaxtı adını şərəflə daşıyacaq. Bu, əlbəttə ki, bizə, bizim fəaliyyətimizə olan hörmətin əlamətidir. Biz də İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal işləyirik. Bu il İslam Əməkdaşlıq Təşkilatının Sammiti keçirildi. Tədbirdə Azərbaycanın İslam həmrəyliyindəki roluna dəstək bir daha vurğulandı. Həmçinin dünyanın bütün müsəlmanları bu ilin aprelində erməni təcavüzünü pisləyiblər və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə kontakt qrupu yaradıblar,- deyə o vurğulayıb.

Prezident həmçinin vurğulayıb ki, bu il sona yaxınlaşır. "İlin əvvəlində biz 2016-cı ili "Multikulturalizm ili elan etmişdik. Bugünkü konfransın mövzusu da Qafqazda multikulturalizmə, həmçinin Azərbaycanda bu sahədə əldə etdiyimiz nailiyyətlərə həsr olunub. Bu il bir çox mühüm tədbirlərin keçirilməsi ilə əlamətdar oldu. Onlardan ən əhəmiyyətlisi əlbəttə ki, Bakıda keçirilən və bütün dünyanın görkəmli nümayəndələrini toplayan BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumu oldu. Biz bir daha nümayiş etdirdik ki, multikulturalizm millətindən, dinindən asılı olmayaraq yaşayır və yaşamalıdır və bütün insanlar dinc yaşamaq hüququna malikdirlər.

Bu il ölkəmizdə daha bir mühüm hadisə baş verdi. Bu, dünya katoliklərinin rəhbəri Roma Papasının Azərbaycana rəsmi səfəri idi. O, Katolik Kilsəsində ibadət etdi, sonra Heydər Məscidini ziyarət etdi, mötəbər şeyxlə, eləcə də digər dini konfessiyaların rəhbərləri ilə görüşü oldu. Roma Papası buradan, Bakıdan bütün dünyaya yaxşı mesaj göndərdi. Yəni, bizim multikulturalizm sahəsində əldə etdiyimiz nailiyyətlər bütün dini aləmdə layiqincə dəyərləndirilib".