"Əlbəttə ki, şəxsən mənim və ölkəmiz üçün ötən il möhtərəm şeyximizlə müqəddəs yerləri - Məkkəni, Mədinəni yenidən ziyarət etməyimiz, mənə bir daha müqəddəs Kəbədə ibadət etmək və Mədinədə Peyğəmbərin məzarını ziyarət etmək xoşbəxtliyi şərəfi qismət oldu".

Unikal.org-un məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev "Qafqazda dini tolerantlıq ənənələri və Azərbaycanın multikulturalizm modeli mövzusunda beynəlxalq konfransda iştirak edən Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri ilə görüşü zamanı deyib.

Prezident deyib: "Bu, hər bir müsəlman üçün xoşbəxtlikdir. Təbii ki, bu cür hadisələr bizim doğru yolda olduğumuzu nümayiş etdirir. Mən sizin - Qafqazın nüfuzlu liderlərinin fəaliyyətini çox yüksək qiymətləndirirəm. Bu gün ağsaqqal sözü həmişəkindən daha əhəmiyyətlidir. Sizin fəaliyyətiniz də təhlükəsizliyə, Rusiyanın Qafqaz respublikalarının inkişafına doğru aparır. Həm də Rusiya-Azərbaycan birgə münasibətlərini möhkəmləndirir. Çünki artıq dəfələrlə qeyd etdiyim kimi, Rusiya və Azərbaycan Qafqaz ölkələridir, biz qonşuyuq, yaxşı qonşuyuq və dostluğumuzu da davam etdirəcəyik. Bir daha xoş gəlmisiniz, tez-tez gəlin".

Sonra Şimali Qafqaz Müftiləri Əlaqələndirmə Şurasının sədri, Rusiya Federasiyası Qaraçay-Çərkəz Respublikasının müftisi İsmayıl BERDİYEV çıxış edərək dedi:

-Mən ilk növbədə istərdim ki, Sizə Rusiya ilə Türkiyə arasında münasibətlərin yaxşılaşdırılması üçün etdiklərinizə görə minnətdarlığımı bildirim. Bu münaqişə baş verəndə, inanın, mənim ürəyim ağrıyırdı. Müsəlman ölkəsi olan Türkiyə ruhən bizə doğmadır. Buna görə də çox ağır idi. Sizin bu məsələdə fəaliyyətiniz həlledici oldu. Atanızın müdrikliyi Sizə də keçib, inanın. Siz bu işi gördünüz, buna görə Sizə "Çox sağ ol deyirik. Ən başlıcası isə xidmətlərinizin qiymətini böyük Allahdan alacaqsınız. İnşallah, Sizin həyatdakı savabınız bu, olacaq.

Atanızın vəfatının ildönümü yaxınlaşır. Biz həqiqətən onunla fəxr edirdik. Sovet dövründə də onunla iftixar hissi keçirirdik. O vaxt Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunda müsəlmanın olması nadir hadisə idi. İnanın, biz bununla fəxr edirdik. Dünən biz Fəxri xiyabanda idik, dua edirdik. Biz bunu təkcə burada olanda deyil, həmişə, öz evimizdə olanda da edirik.

Möhtərəm şeyxülislam həmişə bizimlədir. O, Sizin sayənizdə daim bizə baş çəkir. Bax, bu multikulturalizm bizdə də mövcuddur. Şeyxülislam vaxtilə də demək olar bütün respublikalarda müsəlmanların qurultayını keçirir, özü də iştirak edirdi, hamı da bu barədə danışırdı. Bu, həqiqətən çox dəyərli işlər idi. Elə alındı ki, Sovet İttifaqı dağıldı, dövlətlər arasında sərhədlər yarandı. Bizdə isə bu, yoxdur. Bizim ağsaqqalımız məhz odur. O isə bütün bunları Sizin sayənizdə edir. Kömək etdiyinizə görə çox sağ olun. Həqiqətən də çox mühüm məsələdir.

İnsan yaxşı iş görəndə qəlbində sözlə ifadə oluna bilməyən sevinc duyur. Bu, əsl cənnət sevincidir. İnşallah, bu sevinci duyanlara görə Sizə təşəkkür edirəm. Atanızın fəaliyyəti, ümumiyyətlə, ölkəni xilas etdi. Biz Elçibəyin vaxtında da burada olmuşuq, baxmışıq. Müqayisə etməli çox şeylər var. İndi tamam başqa vaxtdır. Azərbaycan tamam başqa ölkədir. Siz ötən ilin yayında Avropa Oyunlarını keçirdiniz. Bəli, şeyxülislam deyir ki, indi isə İslam ölkələrinin Oyunları keçiriləcək. Ümid edirəm ki, biz də iştirak edəcəyik.

Prezident İlham Əliyev:Əlbəttə, mütləq. Avropa Oyunlarında olduğu kimi, siz mənim qonaqlarımsınız.

Müfti İsmayıl Berdiyev:Sağ olun, çox sağ olun. Dünən Qafqaz Xalqları Ali Dini Şurasının iclasını keçirdik. Şeyxülislam bizim ağsaqqalımız idi. Onun müdrikliyi həqiqətən də kömək edir. Bax, bu müdriklik ona Sizin atanızdan keçib. Çünki o, onunla birlikdə çox olub.

Prezident İlham Əliyev:Çox sağ olun.

Müfti İsmayıl Berdiyev:Budur, bizim iclasımızdan Sizə hədiyyə etmək istərdik. Mən eşitdim ki, tezliklə ad gününüz olacaq.

Prezident İlham Əliyev:Sağ olun, çox sağ olun.

Müfti İsmayıl Berdiyev:Əgər müsaidə edərsinizsə.

Prezident İlham Əliyev:Əlbəttə.

Şimali Qafqaz Müftiləri Əlaqələndirmə Şurasının sədri, Rusiya Federasiyası Qaraçay-Çərkəz Respublikasının müftisi İsmayıl Berdiyev Prezident İlham Əliyevə hədiyyə təqdim etdi.