Prezident İlham Əliyev bir sıra görüşlər keçirib. 

Unikal.org xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 5-də Serbiya Respublikasının daxili işlər naziri Neboyşa Stefanoviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlət başçısı Serbiyanın daxili işlər naziri Neboyşa Stefanoviçin Azərbaycana səfərinin ölkələrimizin müvafiq qurumları arasında əməkdaşlığın müzakirəsi və ikitərəfli əlaqələrin inkişaf etdirilməsi ilə bağlı məsələlərin nəzərdən keçirilməsi üçün səmərəli olacağına əminliyini bildirdi. Azərbaycan ilə Serbiya arasında ikitərəfli münasibətlərin çox yüksək səviyyədə olduğunu vurğulayan Prezident İlham Əliyev yüksək səviyyəli qarşılıqlı səfərləri və digər təmasları ölkələrimiz arasında dostluq əlaqələrinin yaxşı göstəricisi kimi dəyərləndirdi. Azərbaycan ilə Serbiyanın bir çox sahələrdə əməkdaşlıq etdiyini bildirən dövlətimizin başçısı bu əməkdaşlığın inkişafında ölkəmizin maraqlı olduğunu dedi. Ölkələrimizin beynəlxalq təşkilatlarda da bir-birinə daim dəstək verdiklərini vurğulayan Prezident İlham Əliyev tərəfdaşlıq əlaqələrimizin gücləndirilməsi baxımından bunun əhəmiyyətini qeyd etdi. Dövlətimizin başçısı Azərbaycan və Serbiya arasında ikitərəfli əlaqələrin bundan sonra da uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirdi.

Serbiya Respublikasının daxili işlər naziri Neboyşa Stefanoviç Azərbaycanda onlara göstərilən qonaqpərvərliyi yüksək qiymətləndirərək ölkəmizin və Bakının xüsusilə son illər inkişafının onlarda böyük təəssürat yaratdığını dedi. Ölkələrimizin müvafiq qurumları arasında əməkdaşlığın zəruriliyini vurğulayan qonaq səfərin əlaqələrimizin inkişafı ilə bağlı konkret işlər görmək uşun yaxşı imkan yaratdığını dedi. Hazırda dünyada terrorizmin geniş yayıldığını təəssüflə qeyd edən Serbiyanın daxili işlər naziri terrorizmə və mütəşəkkil cinayətkarlığa qarşı birgə mübarizənin əhəmiyyətindən danışaraq, ölkələrimizin müvafiq qurumları arasında qarşılıqlı informasiya mübadiləsinin və treninqlərin keçirilməsinin əməkdaşlığımızın gücləndirilməsi baxımından önəmini vurğuladı.


Həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 5-də Pakistan İslam Respublikasının ticarət naziri Xürrəm Dastgir Xanı qəbul edib.
Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynin və Baş nazir Məhəmməd Nəvaz Şərifin ölkəmizə səfərlərini məmnunluqla xatırlayan dövlətimizin başçısı hər iki səfərin uğurlu və məhsuldar olduğunu vurğulayaraq, bu səfərlərin ölkələrimiz arasında mövcud qardaşlıq əlaqələrinin gücləndirilməsi baxımından önəmini qeyd etdi. Prezident İlham Əliyev qarşılıqlı ticarətin səviyyəsinin inkişaf etdirilməsi, sərmayə qoyuluşu və biznes imkanlarının müəyyənləşdirilməsi üçün ölkələrimizin müvafiq nazirliklərinin praktik səviyyədə görüşlər keçirməsi üçün də yaxşı fürsət yarandığını dedi.

Ölkəsinin Baş naziri Məhəmməd Nəvaz Şərifin Azərbaycana səfərindən məmnun olduğunu vurğulayan Pakistan İslam Respublikasının ticarət naziri Xürrəm Dastgir Xan dedi: "Baş nazir Məhəmməd Nəvaz Şərif Azərbaycanda ona göstərilən qonaqpərvərliyi yüksək qiymətləndirdi və məndən buna görə minnətdarlığını çatdırmağı xahiş etdi. Pakistanlı nazir Baş nazir Məhəmməd Nəvaz Şərifin ölkəmizə səfərindən dərhal sonra onun tapşırığı ilə Azərbaycana səfər etdiyini və ikitərəfli əlaqələrimizin inkişafı ilə bağlı üzərində işləməli əhəmiyyətli məsələlərin olduğunu dedi.

Görüşdə ölkələrimiz arasında enerji, ticarət əlaqələrinin genişləndirilməsi, kənd təsərrüfatı, əczaçılıq və toxuculuq sənayesi sahələrində əməkdaşlığın önəmi qeyd olundu.