Dələduzluq və rüşvətxorluqda təqsirləndirilən keçmiş hakim Həsən Əliyev barəsində olan hökmdən Ali Məhkəməyə müraciət edib.

Unikal.org-un Lent.az-a istinadən məlumatına görə, artıq onun şikayəti icraata verilib. Şikayətə Ali Məhkəmənin hakimi İmran Hacıqayıbov baxacaq. Sabiq hakimin kasasiya şikayətinə baxılma tarixi müəyyən edilməyib.

Qeyd edək ki, Rusiyadan gələn iş adamı Ramazan Səlimov işə düzəlmək üçün 2011-ci ildən tanıdığı Elman Məmmədova üz tutub. Elman Məmmədov isə onu Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Həsən Əliyevlə tanış edib. H. Əliyev Ramazan Səlimovdan işə düzəltmək adı ilə 600 min manat pul alıb. Lakin sonradan pulu qaytarmayıb. Bundan sonra Ramazan Səlimov polisə şikayət edib. Şikayət əsasında cinayət işi başlanıb və Elman Məmmədov həbs olunub. Daha sonra məlum olub ki, Taleh Süleymanov adlı şəxs də cinayətdə iştirak edib və o da həbs edilib. İstintaq dövründə Həsən Əliyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmə) maddəsi ilə bərabər, Cinayət Məcəlləsinin 312-ci (rüşvət vermə) maddəsi ilə də ittiham elan olunub. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elman Məmmədov 8 il, Taleh Süleymanov 7 il müddətinə azadlıqdan məhrum edilib. Həsən Əliyev isə 7 il cəzaya məhkum olunub. Zamində olan Həsən Əliyev məhkəmə zalında həbs edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Həsən Əliyev günahsız olduğunu və barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Digər təqsirləndirilən şəxslər isə cəzalarının azaldılmasını istəyiblər. Gəncə Apelyasiya Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxsin apelyasiya şikayətləri təmin edilməyib. Xatırladaq ki, prezident İlham Əliyev Həsən Əliyevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında sərəncam imzalayıb. Buna səbəb kimi Həsən Əliyevin qanunvericiliyin tələblərini dəfələrlə kobudcasına pozması göstərilib.