Bakı dünyada məşhur turist şəhərləri siyahısında ilk beşlikdə yer alıb.

Unikal.org-un məlumatına görə, nüfuzlu "Tripadvisor.com" səyahət məsləhətçisi saytının ötən ilin oktyabrından bu ilin oktyabr ayına qədər topladığı rəy sorğusunda daha çox üstünlük verilən və inkişaf etməkdə olan turizm məntəqələri siyahısında Bakı şəhəri beşinci yerdə qərarlaşıb.

Reytinq siyahısı 43 istiqamət üzrə xüsusi uçuşlar, hotel və restoranların bron edilməsi, artan turist maraqları əsasında hazırlanıb.

Saytın Asiya-Sakit okean regionu üzrə kommunikasiyalar direktoru xanım Janis Li Fanq ölkəmiz və paytaxtımız haqqında xoş təəssüratlarını bölüşüb:

"Biz çox məmnunuq ki, Bakı populyarlaşmaqda olan turizm məntəqələri siyahısında ön sıralarda dayanır. Səyahət sevərlərin 65 faizi Azərbaycanı Şərqlə Qərbin qovşağında yerləşən qədim tarixə və möhtəşəm mədəniyyətə malik ölkə kimi səciyyələndirdi. Ümidvaram ki, bu gözəl şəhəri 2017-ci ildə də görmək istəyənlərin sayı çox olacaq".

Nəzərinizə çatdıraq ki, siyahıda San-Xose-del-Kabo (Meksika), Uistler (Kanada), Jijoka de Jerikuakuara (Braziliya) və Kihei (Havay, ABŞ) kimi məşhur turistik ünvanlar yer alıb.

Saytın təqdim etdiyi onluqda, həmçinin, El-Nido (Filippin), Eylat (İsrail), Las-Palmas (İspaniya), Tbilisi (Gürcüstan) və Jodhpur (Hindistan) kimi şəhərlərin də adları da var.