Bu gün Cənub bölgəsinə yağan qar səbəbi ilə Lənkəran-Lerik yolunda nəqliyyatın hərəkəti çətinləşib.

Unikal.org-un "Report"a istinadən məlumatına görə, magistralın bir neçə hissəsində buz qatı yarandığından avtomobillərin hərəkəti müvvəqəti məhdudlaşıb. Əraziyə Lerik Rayon Yol İstismarı İdarəsinin texnikası və canlı qüvvəsi cəlb edilib, yol qardan və buz qatından təmizlənilib. Yola qum-çınqıl səpilib və nəqliyyatın hərəkəti bərpa olunub.

Qeyd edək ki, cənub bölgəsinə qar yağmağda davam edir, şaxtalı və küləkli hava şəraiti müşahidə edilir. Lənkəran şəhəri ərazisində qarın qalınlığı 7-10 santimetrə, dağlıq və dağ ətəyi kəndlərdə isə 15-20 santimetrə çatıb.