Bu gün "Kaspi" qəzetinin yaranma günüdür.

Unikal.org-un xəbərinə görə, qəzetin fəaliyyətə başlamasından 135 il ötür.

Qəzetin baş redaktoru İlham Quliyev "Report"a deyib ki, "Kaspi" qədim ənənələri, tarixi olan qəzetdir. Onun sözlərinə görə, 135 yaşlı qəzetin olması Azərbaycan cəmiyyətinin, mətbuatın uğurudur: ""Kaspi" qəzeti 1881-ci ildən rus dilində nəşr olunmağa başlayıb. 1897-ci ildən Hacı Zeynalabdin Tağıyev tərəfindən alınan qəzetin baş redaktoru Əlimərdan bəy Topçubaşov olub. 1907-ci ilə kimi "Kaspi"nin 300-dən çox sayı Həsən bəy Zərdabinin imzası ilə işıq üzü görüb. Bilirsiz ki, həmin dövrdə "Əkinçi" qəzeti bağlanmışdı, Həsən bəy Zərdabi üçün tribuna yox idi. Belə bir ərəfədə Həsən bəy öz ideyalarının reallaşdırılması üçün rus dilində qəzet yaradılmasına çalışır. "Kaspi" 1919-cu ildə fəaliyyətini dayandırıb. Qəzet o dövrün maarifçiləri üçün tribuna olub. 1999-cu ildə Sona Vəliyevanın təşəbbüsü ilə "Kaspi" qəzeti bərpa olunub. Hazırda "Kaspi" gündəlik Azərbaycan dilində, həftəlik rus dilində nəşr olunur. Qəzet yenə də ziyalı təbəqəsi üçün tribunadır. Hazırda qəzetin 3 əlavəsi fəaliyyətdədir. Bu, "Ədəbiyyat", "Cəbhə" əlavəsi və "Gənclik" qəzetidir".

İ.Quliyev qəzetlə bağlı planlardan da danışıb: "Manatın devalvasiyasından sonra müəyyən qədər çətinlik yaranıb, qəzet kağızı bahalaşıb. Kağıza əlavə dəyər vergisi tətbiq olunur. Bu, çap mediasının maddi durumuna təsir edir. Buna baxmayaraq, biz ayaqda durmağa çalışırıq, qəzetin əlavələrini qoruyuruq. "Kaspi" şənbə günləri 24 səhifə çıxır. Qəzet həm də rəngli çap olunur. Bu da kifayət qədər maliyyə tələb edən işdir. Bizim yeni layihələrimiz də var. 2017-ci ilin yanvarından qəzetin artkaspi.az saytı fəaliyyətə başlayacaq. Bu saytda mədəniyyət və ədəbiyyat xəbərləri işıqlandırılacaq. Dövlət orqanları ilə müştərək layihələrimiz olur. Növbəti ilin əvvəllərində müsabiqənin keçirilməsini nəzərdə tuturuq. Bilirsiniz ki, "Kaspi" nəşrlər seriyamız var, müxtəlif kitablar çap olunur. Gələn il 3 kitabın nəşrini planlayırıq. Çalışacağıq ki, "Kaspi" qəzeti 2017-ci ildə də dürüstlüyünü, müstəqilliyini qoruyub saxlaya bilsin".