Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva İranın Azərbaycan səfiri Möhsün Pakayin ilə görüşüb.

Fonddan unikal.org-a verilən məlumatına görə, Heydər Əliyev Fondunun prezidenti Azərbaycan ilə İran arasında uğurlu əməkdaşlıqdan danışaraq, siyasi sahədəki münasibətlərin hər iki ölkənin inkişafına xidmət etdiyini, dövlət başçılarının qarşılıqlı səfərlərinin mövcud əlaqələri daha da möhkəmləndirdiyini vurğulayıb. Mehriban Əliyeva gələcəkdə əməkdaşlığın daha da genişlənəcəyinə əminliyini bildirib.

Heydər Əliyev Fondunun ölkələr arasında əlaqələrin inkişafında oynadığı rolu qeyd edən Fondun prezidenti qurumun humanitar əməkdaşlığa xüsusi önəm verdiyini vurğulayıb. Mehriban Əliyeva gələcəkdə iki ölkə arasında təhsil, mədəniyyət sahələrində əlaqələrin daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib.

Səfir Möhsün Pakayin iki ildən çoxdur ki, Azərbaycanda fəaliyyət göstərdiyini deyib. O, ölkələr arasında tarixi və mədəni bağlılıqdan danışıb. Heydər Əliyev Fondunun fəaliyyətindən məlumatlı olduğunu qeyd edən səfir Fondun gördüyü işləri yüksək qiymətləndirib.

Martın 10-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Misirin ölkəmizdəki səfiri xanım Suzanne Mohamed Gamil ilə görüşüb. Azərbaycan ilə Misir arasında əlaqələrin yüksək səviyyədə olduğunu məmnunluqla qeyd edən Mehriban Əliyeva ölkələrimizi və xalqlarımızı dostluq tellərinin bağladığını söyləyib. Azərbaycanın birinci xanımı hər iki ölkənin beynəlxalq təşkilatlarda bir-birinə dəstək verdiyini qeyd edərək, mövcud əməkdaşlığın gələcəkdə daha da inkişaf edəcəyinə əminliyini bildirib. Mehriban Əliyeva Heydər Əliyev Fondunun prezidenti kimi Misirdə təhsil, mədəniyyət və digər humanitar sahələrdə əlaqələrin inkişafına dəstək göstərməyə hazır olduğunu diqqətə çatdırıb.

 

Beş aydır ki, Azərbaycanda səfir kimi fəaliyyət göstərdiyini qeyd edən Suzanne Mahamed Gamil ölkəmizdə çalışmaqdan məmnunluğunu ifadə edib. Səfir Heydər Əliyev Fondunun Misirdə gördüyü işlərə görə təşəkkürünü bildirib.

 

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Fransanın ölkəmizdəki səfiri xanım Orelia Buşez ilə də görüşüb. Mehriban Əliyeva Azərbaycan ilə Fransa arasında həm siyasi, həm iqtisadi, həm də humanitar sahələrdə əlaqələrin inkişaf etdiyini, hər iki ölkənin dövlət başçılarının yüksək səviyyəli görüşlərinin bu əlaqələrin daha da möhkəmlənməsinə töhfə olduğunu bildirib. Azərbaycanda çoxlu sayda Fransa şirkətlərinin fəaliyyət göstərdiyini qeyd edən Mehriban Əliyeva humanitar sahədəki əməkdaşlığı xüsusi vurğulayıb.

Azərbaycan və Fransa qanunverici orqanları arasında yaxşı əlaqələrin qurulduğu da diqqətə çatdırılıb.

Fondun dəstəyi və təşəbbüsü ilə Fransada bir çox layihələrin reallaşdırıldığı, bu layihələrin xalqlarımızın daha da yaxınlaşmasına xidmət etdiyi vurğulanıb. Fransanın ölkəmizdəki səfiri Orelia Buşezin dəstəyi ilə əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyinə əminlik ifadə olunub.

Azərbaycanın birinci xanımı ilə görüşməkdən şərəf duyduğunu deyən Fransanın ölkəmizdəki diplomatik missiyasının rəhbəri Azərbaycan-Fransa münasibətlərinin güclü olduğunu diqqətə çatdırıb. Orelia Buşez iki ölkə arasında inkişaf etməyən sahənin olmadığını bildirib.