"Azneft" İstehsalat Birliyinin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsinin dənizə uçması nəticəsində itkin düşən 9 neftçinin axtarışları davam edir. 

Bu barədə Unikal.org-a hadisə ilə bağlı yaradılan operativ qərargahdan bildirilib.

"Saat 09:00-a olan məlumata görə, itkin düşən neftçilərin axtarışları davam edir. Axtarışlar nəticə verməyib. Yalnız bir neftçinin - Ələt qəsəbəsinin sakini Qafarov İlham Əlihüseyn oğlunun meyiti ötən gün tapılıb və aidiyyatı üzrə təhvil verilib. Axtarışlar həm gəmi, həm də helikopterlərlə davam etdirilir", - deyə məsul şəxs bildirib.