Daxili İşlər Naziri Ramil Usubov Qax sakini, Qarabağ əlili Bəxtiyar Vəliyev Dövlət Yol Polisinin Qax rayon Şöbəsinin rəhbərliyinin hərəkətlərinə etiraz olaraq "VAZ 2109" markalı minik avtomobilinin yandırılmasına dolayısı yolla münasibət bildirib.

DİN-dən Unikal.org-a daxil olan məlumata görə, Əlahiddə Çevik Polis Alayının binasının akt zalında son 5 ildə yol hərəkəti təhlükəsizliyinin təmini sahəsində görülən işlər və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsi nazir dövlət tərəfindən əlillərə və Qarabağ döyüşçülərinə göstərilən diqqət və qayğıdan da danışıb.

Cənab Usubov vurğulayıb ki, dövlətimiz tərəfindən əlillərin, o cümlədən respublikanın ərazi bütövlüyü uğrunda döyüşlərdə sağlamlığını itirmiş şəxslərin hərtərəfli diqqət və qayğı ilə əhatə olunduğunu, əksəriyyətinin nəqliyyat vasitələri ilə təmin edildiyini, eyni zamanda, yol patrul xidməti əməkdaşlarının onlara hər zaman xüsusi həssaslıqla yanaşdıqlarını xatırladıb.

O qeyd edib ki, bəzi hallarda yol hərəkəti qaydalarını pozmuş belə sürücülər barəsində tədbir görülərkən törətdikləri inzibati xətaların ağır fəsadlarla nəticələnə biləcəyi, bunun həyat və sağlamlıqları, təhlükəsizliklərinin qorunmasından irəli gəldiyi onlara təmkinlə izah edilməlidir.

Nazir əlillərə verilmiş və verilməsi nəzərdə tutulan avtomobillərin dövlət hesabına xüsusi idarəetmə sistemi ilə təchiz olunması məqsədilə hökumət qarşısında vəsatət qaldırılması üçün müvafiq sənəd layihəsinin hazırlanması, həmçinin bu cür avtomaşınları idarə etmək vərdişlərini aşılamaq məqsədi ilə xüsusi təlim kurslarının təşkil edilməsi barədə Baş İdarənin rəisinə tapşırıq verib.

Xatırladaq ki, dekabrın 14-də Qax sakini, Qarabağ əlili Bəxtiyar Vəliyev Dövlət Yol Polisinin Qax rayon Şöbəsinin rəhbərliyinin hərəkətlərinə etiraz olaraqə "VAZ 2109" markalı minik avtomobilini yandırıb. Hadisə ilə bağlı çəkilmiş videoda çıxış edən birinci qrup əlil deyib ki, iyun ayında xırda yol qəzası törədib və yol polisinin təqdimatı ilə ona 400 manat cərimə kəsilib. Daha sonra o, məhkəməyə müraciət edərək cərimənin daha yüngül cəza ilə əvəzlənməsinə nail olub. Məhkəmənin qərarını yol polisinə təqdim etdikdə isə bu, qəbul edilməyib və yol polisi daha əvvəl kəsilmiş cərimənin verilməli olduğunu deyib.
4 uşaq atası olduğunu, dolanışığının taksi fəaliyyəti ilə məşğul olmaq olduğunu deyən şəxs avtomobilə od vuraraq yandırıb.
Hadisənin görüntüləri youtube-a yerləşdirilib.