2016-ci ilin əvvəlindən Avropaya keçmək məqsədi ilə yola çıxan 7 mindən çox miqrant ölüb.

Unikal.org xəbər verir ki, APA-nın məlumatına görə, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatının məruzəsində bildirilir.

Belə ki, cari ildə 7189 miqrant ölüb və yaxud itkin düşüb. Bu, ötən illərlə müqayisədə rekord göstəricidir. Onlardan yarısından çoxu, 4812 nəfər Aralıq dənizində həyatını itirib. Beynəlxalq Miqrasiya Təşkilatı ilin axırınadək ölüm faktlarının artacağını istisna etmir.

Ümumilikdə, 2016-cı ildə Aralıq dənizi vasitəsilə Avropaya 357249 nəfər gəlib. Avropaya qeyri-qanuni yollarla daxil olmaq istəyən qaçqınların əksəriyyəti Yunanıstan vasitəsilə öz niyyətlərinə çatıb. İl ərzində bu ölkə 170 mindən çox miqrantı qəbul edib.

Qeyd edək ki, ötənilki məruzədə Beynəlxalq Miqrasiya Təşkilatı 3695 miqrantın öldüyünü və yaxud itkin düşdüyünü bildirirdi.