Milli Məclisin bir neçə gün öncə keçirilən plenar iclasında çıxış edən deputat Qüdrət Həsənquliyev Azərbaycana həm turistlərin gəlməsi, həm də xarici valyutanın cəlb edilməsi üçün kazinoların yaradılması təklifi ilə çıxış edib. 

Bu barədə unikal.org-a açıqlama verən Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyinin siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə qeyd edib ki, kazinolarla bağlı irəli sürülən təklifi məqbul hesab etmir: "Bu təklifi səsləndirən şəxsin fikrini Milli Məclisdə heç kəs dəstəkləmir. Bunu ancaq müxalifətdən olan bir deputatın təklifi kimi qəbul etmək olar. Mən bu təklifi məqbul hesab etmirəm. Ölkəyə gəlir gətirəcək onlarla sivil yollar var ki, bunlara daha çox önəm vermək lazımdır. Kazinolar heç bir ölkəyə yüksək gəlir gətirməyib. Kazinoların kütləvi şəkildə fəaliyyət göstərirdiyi bir neçə ölkə var ki, orada müəyyən iqtisadi, siyasi dairlər bu işdə maraqlıdır. Bu ilk növbədə onların maraqlarına xidmət edir". 

Deputat qeyd edib ki, kazinolar cəmiyyət üçün problemlər yarada bilər: "Nəzərə almaq lazımdır ki, kazinoların fəaəliyyəti cəmiyyət üçün bir çox problemlər yaradır. Heç də fikirləşmək lazım deyil ki, kazinoya artıq pulu olan və iştirak etmək istəyən insanlar gəlir. Təcrübə göstərir ki, az pulu olan, gələcəyini düşünməyən insanlar belə yerlərdə nəinki öz vəsaitlərini, hətta ailələrinin bütün gəlirlərini, mülkünü uduzmağa hazır olurlar. Azərbaycanda bu səbəbdən Ulu Öndər Heydər Əliyevin dövründə kazinolar ləğv edildi. Tam doğru qərar idi. Azərbaycan bu gün qeyri-neft sektorunun inkişafına önəm verir".

Həsən Babayev