16 dekabr 2016-cı il tarixdə respublikamızda elm və təhsilin inkişafında, müstəqil Azərbaycanın humanitar ixtisaslar üzrə yüksək keyfiyyətli mütəxəssis hazırlığında, beynəlxalq əlaqələrimizin qurulmasında və milli-mənəvi dəyər-lərimizin dünyada təbliğində xüsusi yeri olan Bakı Slavyan Universiteti (BSU) 70 illik yubileyini qeyd edib.

Unikal.org bildirir ki, 70 illik yubiley tədbirinə Fəxri Xiyabanda Ulu öndərin məzarı önünə əklil və çiçək dəstələri qoyulması ilə start verilib.

Tədbirdə Rusiya, Ukrayna, Bolqarıstan, Belarusiya, Türkiyə, Çexiya və digər ölkələrdən gəlmiş qonaqlar iştirak ediblər.

Tədbir saat 15:00-da universitetin akt zalında başlanıb.

BSU-nun rektoru, professor, respublikanın əməkdar müəllimi, Şöhrət ordenli Nurlana Əliyeva tədbiri açaraq on illər boyu respublikamız üçün unikal ixtisaslar üzrə mütəxəssis hazırlığı aparan universitetin keçdiyi tarixi yoldan, bu ali məktəbin gənc nəslin təlim-tərbiyəsindəki rolundan, Azərbaycanın milli-mənəvi dəyərlərinin dünyaya tanıdılmasında universitetin səmərəli fəaliyyətindən danışıb. O, universitetin yaranma tarixinə və müxtəlif dövrlərdəki fəaliyyətinə qısa ekskurs edib: "Bakı Slavyan Universitetinin təməli 1946-cı ildə ikiillik M.F.Axundov adına Azərbaycan Dövlət Müəllimlər İnstitutu kimi qoyulmuşdur. 1952-1953-cü tədris ilində o, M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutu adlandırılıb.

1959-cu ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu ilə birləşdirilərək Azərbaycan Pedaqoji Dillər İnstitutuna çevrilib. Lakin universitet rus dili və ədəbiyyatı müəllimlərinə ehtiyacın artması səbəbindən 14 ildən sonra, yəni 1972-ci ildə respublikanın ovaxtkı rəhbəri, Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yenidən M.F.Axundov adına Azərbaycan Dövlət Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutu kimi fəaliyyətini bərpa edib.

Ümummilli lider Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli fərmanı ilə M.F.Axundov adına Azərbaycan Dövlət Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunun bazasında Bakı Slavyan Universiteti formalaşdırılmışdır.
Universitetin qarşısına Rusiya, bütövlükdə MDB məkanı, Şərqi, Mərkəzi və Cənubi Avropa, böyük slavyan-yunan dünyası ilə təhsil, ədəbi-mədəni, siyasi-diplomatik və sosial-iqtisadi əlaqələri inkişaf etirmək vəzifəsi qoyulmiuşdur.

Hazırda Bakı Slavyan Universiteti respublikamızın böyük elmi-pedaqoji potensiala malik olan ali təhsil ocaqlarındandır. Universitetin professor-müəllim heyətinə 50-dən çox elmlər doktoru, professor, 200 elmlər namizədi, dosent və 200-dən yuxarı baş müəllim və müəllim daxildir.

10-dan çox ölkənin dövlət və hökumət başçıları, siyasi və dini xadimlər BSU-nun Fəxri doktorlarıdır.
Universitetdə bakalavriat səviyyəsində 11, magistratura səviyyəsində 35 ixtisas üzrə mütəxəssis hazırlığı həyata keçirilir.

BSU-da beş fakültə ("Filologiya və xarici dil müəllimliyi, "Pedaqoji, "Azərbaycan filologiyası və jurnalistika, "Beynəlxalq münasibətlər və regionşünaslıq, "Tərcümə), əlavə təhsil, magistratura, doktorantura və qiyabi təhsil şöbələri, Məktəb-Lisey Kompleksi, 25 kafedra və 1 idman klubu, 5 elmi-tədqiqat laboratoriyası, 12 tədris-mədəniyyət mərkəzi, Dissertasiya şurası və s. strukturlar fəaliyyət göstərir. «BSU-nun elmi əsərləri ("Dil və ədəbiyyat, "İctimai elmlər seriyaları), «Azərbaycanda rus dili və ədəbiyyatı» jurnalı, "Humanitar elmlərin öyrənilməsinin aktual problemləri və "Tağıyev oxuları elmi məcmuələri, "Tələbə dünyası qəzeti nəşr edilir.
Hazırda universitetdə xarici ölkələrdən hazırlıq qruplarında, bakalavriat, magistratura və doktorantura səviyyələrində 200-ə yaxın əcnəbi vətəndaş təhsil alır.
Son dövrdə universitetin fəaliyyəti, burada qısa müddət ərzində görülən işlər barədə ABŞ-ın, Polşanın, Bolqarıstanın və Rusiyanın ən nüfuzlu mətbuat orqanlarında məqalələr dərc olunub. MDB-nin yaranmasının 25 illiyi münasibətilə BSU rus dilinin tədrisi, qorunub saxlanılması və təbliği istiqamətində fəaliyyətinə görə Fəxri Fərmanla təltif edilib.
Sonra söz təhsil naziri Mikayıl Cabbarova verilmişdir. O, BSU-nun Azərbaycanda yüksək ixtisaslı kadr hazırlığında rolunu, ölkəmizin Rusiya, bütövlükdə MDB məkanı, Şərqi, Mərkəzi və Cənubi Avropa, böyük slavyan-yunan dünyası ilə təhsil, ədəbi-mədəni, siyasi-diplomatik və sosial-iqtisadi əlaqələrinin inkişafında əhəmiyyətli fəaliyyətini vurğulayaraq, başda rektor prof. Nurlana Əliyeva olmaqla bütün kollektivi təbrik edib. Nazir universitetin professor-müəllim heyətinin 17 nəfər üzvünün Prezident sərəncamı ilə fəxri adlara layiq görülməsini universitetin fəaliyyətinə verilən yüksək qiymət kimi dəyərləndirib.
Bakı Slavyan Universitetinin tarixini və bugünkü fəaliyyətini əks etdirən qısa meterajlı film nümayiş etdirilib.
Sonra Bolqarıstan Respublikasının vitse-prezidenti Maqarita Popova, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxin, Brno Texniki Universitetinin professoru İvan Meznik, Minsk Dövlət Linqvistik Universitetinin elmi işlər üzrə prorektoru Anatoli Qorlatov, Moskva Dövlət Linqvistik Universitetinin Morisa Tereza adına Xarici Dillər İnstitutunun direktoru Varonina Qalina Borisova təbrik nitqləri söyləyiblər. Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxin BSU-nun rektoruna Rusiya Xarici İşlər Nazirliyi ROSSOTRUDNİÇESTVO Agentliyinin Fəxri Fərmanını təqdim edib.
Yubiley tədbiri YAXT-KLUB-da ziyafət məclisi ilə davam etdirilib.