Bakıda binanın qarşısında bir aylıq körpə tapılıb.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Stansiya küçəsi ev 22 A-nın qarşısında qeydə alınıb.

Belə ki, həmin ərazidə bir aylıq körpə oğlana rast gəlinib. Binada yaşayan 1978-ci il təvəllüdlü Vüsalə Əliyeva sahibsiz körpəni Sabunçu Rayon Polis İdarəsinə təhvil verib.

Faktla bağlı araşdırma aparılır.

*****
13:39
Bakıda küçədən yeni doğulmuş körpənin tapılması hadisəsi ilə bağlı maraqlı məqamlar üzə çıxıb. Lent.az-ın əldə etdiyi məlumata görə, Sabunçu rayonu Stansiyayanı küçəsində yaşayan 1978-ci il təvəllüdlü Əliyeva Vüsalə Cahangir qızı dekabrın 17-də səhər evdən çıxarkən qapının ağzına zənbil qoyulduğunu görüb. Zənbilə baxan qadın orada 1-2 aylıq oğlan uşağının olduğunu görüb və dərhal polisə məlumat verib.
V.Əliyeva uşağı polis bölməsinə gətirib və rastlaşdığı hadisə ilə bağlı izahat verib. Uşaq 1 saylı körpələr evinə verilib.
Faktla bağlı araşdırma aparılır.

***
14:30

Dekabrın 17-də Bakının Sabunçu rayonunda küçədə zənbildən tapılan 1 aylıq oğlan uşağı xəstəxanaya yerləşdirilib. Körpənin yerləşdirildiyi körpələr evindən Lent.az-a bildirilib ki, uşaq müəssisəyə gətirilərkən qızdırmalı vəziyyətdə olub və ilkin müayinə zamanı onun ağ ciyərlərində sətəlcəm əlamətləri müəyənləşdirilib. Küçəyə atılmış körpə dərhal paytaxtın ixtisaslaşmış xəstəxanalarından birinə yerləşdirilib. Məlum olub ki, xeyli vaxt şaxtalı havada küçədə-zənbilin içində qalmış körpənin daxili orqanlarına soyuq olub.
Advertising 11

Körpənin müalicə olunduğu xəstəxanadan Lent.az-a bildirilib ki, hazırda onun vəziyyəti qənaətbəxşdir və həkim nəzarətindədir. 1 aylıq körpə hərtərəfli müayinə edilib və həyatı üçün təhlükənin olmadığı müəyyənləşib.