Məlum olduğu kimi dünən Rusiya Federasiyasının Türkiyədəki səfiri Andrey Karlov silahlı hücum nəticəsində qətlə yetirildi.

zərdüş əlizadə ile ilgili görsel sonucuPolitoloq Zərdüşt Əlizadə məsələ ilə bağlı Unikal.org-a açıqlamasında bildirib ki, bu, terror aktıdır və Rusiyaya qarşı yönəlib:

"Terrorçular hər zaman cəmiyyətin diqqətini çəkən, əhəmiyyətli şəxsləri öldürməyə cəhd ediblər. Yada salaq ki, vaxtilə erməni terrorçuları Qərbdə türkiyəli diplomatların ovuna çıxmışdılar. Hər dəfə belə bir hadisə baş verəndə bütün cəmiyyət narahatlıq hissi keçirirdi. Diplomatlar toxunulmaz şəxslərdir. Onlar sülhə, diplomatik və beyəlxalq əlaqələrin qurulmasına xidmət edən insanlardır. Rus səfirin öldürülməsi tədbir zamanı baş verib. Atəş açan şəxs doğurdan, ya yalandan "Allahu əkbər qışqırdı, guya Hələbə görə qisas alır. Təbii ki, bu terror aktıdır və Rusiyaya qarşı yönəlib. Hazırda Rusiya ilə Türkiyəni daha çox qarşılıqlı, faydalı iqtisadi əlaqələrin qurulması maraqlandırır. Onların arasında yaxınlaşma getdiyi bir zamanda Rusiyanın və ya Türkiyənin belə bir addım atması nəyə lazımdır? Əksinə, onlar birgə çalışacaqlar ki, bu terrorun hara gedib çıxdığını araşdırsınlar.

Baş vermiş hadisənin Türkiyə Rusiya münasibətlərinə necə təsir edəcəyinə gəlincə, Z. Əlizadə vurğulayıb ki, bu Türkiyə və Rusiya münasibətlərində heç bir soyuqluq yaratmayacaq:

"Bunu Türkiyə törətməyib ki, münasibətlərdə hər hansı bir soyuqluq yaransın. Səfiri terrorçu öldürüb. Təbii ki, terrorçu Rusiyada da , Türkiyədə də var. Ağlı olan siyasətçi anlayır ki, bu hökumətin yox, ona qarşı yönəlmiş qüvvələrin işidir. Düşünmürəm ki, bu məsələyə görə Rusiya-Türkiyə münasibətlərində soyuqluq yaransın. Əlbəttə, "kısqırdılan bəzi erməni "siyasətçilər qışqırıb bağıracaqlar. Ancaq onlara fikir verən yoxdur.

İran, Rusiya və Türkiyənin müdafiə nazirləri Suriya mövzusunu araşdırmaq üçün dekabr ayının 20-də Moskvada görüşəcəklər.

Politoloq görüş barədə də fikirlərini bölüşüb:

"İstənilən münaqişədə danışıqlar sülh yolu ilə bitir. Əminəm ki, Dağlıq Qarabağ münaqişəsi də danışıqlar və sülhlə bitəcək. Hələb danışıqlarında da cəhd göstərəcəklər ki, sülhə nail olunsun. Hələbdə Amerikanın, Rusiyanın, İranın, Çinin və Avropanın maraqlarının ziddiyətli olduğunu nəzərə alaraq hansısa uğur əldə olunacağını gözləmirəm. Sülh, atəşkəs ola bilər. Sonradan yenə vəziyyət gərginləşəcək.

Həsən Babayev