Asəf  RZAYEV


Son günlər hamımızın müzakirə etdiyi və narahatlıq keçirdiyimiz bir mövzu var idi. Təbbi ki, qaz və işığın istifadəsinə limit qoyulması ilə bağlı Tarif Şurasının qərarı cəmiyyətdə birmənalı qarşılanmırdı. Hökumət nümayəndələri, məmurlar bunu əsaslandırmağa çalışsalar da, insanların narazılığı ortada idi.

Demək olar ki, Tarif Şurasının məlum qərarından sonra cəmiyyətin bütün təbəqələrində əsas müzakirə mövzusu qazla işığın qiyməti və limit məsələsi idi. Amma yenə də humanizm ənənəsinə sadiq qalan Prezident İlham Əliyev növbəti dəfə xalqın maraqlarına uyğun addım atdı. Ölkə başçısı Tarif Şurasının qaz və işığa qoyulan limitlə bağlı qərarına müdaxilə etdi. Bu müdaxilədən sonra Azərbaycanda elektrik enerjisi və təbii qazın istifadəsində tətbiq olunan güzəştli limit artırıldı. Belə ki, əhali üzrə aylıq elektrik enerjisi istehlakı 300 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılıb, aylıq istehlak həcminin 300 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirildi. Eləcə də təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1700 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcminin 1700 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirildi.
Odur ki, ölkə başçısının bu müdaxiləsi minlərlə kasıb ailənin büdcəsinə qənaət edilməsinə rəvac verəcək.

Onu da deyim ki, Tarif Şurasının məlum qərarından sonra Prezidenti müdaxilə edəcəyi gözlənilən idi. Çünki zaman-zaman cənab Prezident analoji addımlar ataraq, xalqın yanında olduğunu, hər bir vətəndaşın problemlərinin həllinə çalışdığını sübut edib.

Azərbaycanda məmur özbaşınalığı, insanlara qarşı edilən haqsızlıqlar hər zaman olub. Amma bir müsbət məqam var ki, canab Prezident zaman-zaman haqsızlıq edən məmurlara öz yerlərini göstərib və onlara vətəndaşlara xidmət etməli olduqlarını xatırladıb . Fakt odur ki, əksər məmurlarımız öz maraqlarını xalqın maraqlarından üstün tuturlar, qanunsuz əməlləriylə xalqın cibinə girirlər. Həqiqətən də vəziyyət acınacaqlıdır. İnsanlar çox ağır durumda yaşayırlar, hətta "ölü vəziyyətində olan insanlarımız da var. Amma məmurlarımız hələ də öz keflərindədirlər. Onlar üçün var-dövlət daha əhəmiyyətlidir, nəin ki, xalq.

Bu məmurlar hələ də başa düşmürlər ki, xalq olmasa, onlar heç kimdirlər. Axı məmur korpusu milyonlarla sıravi vətəndaşın min-bir əziyyətlə qazandığı və bundan ödədiyi vergi hesabına maliyyələşir. Onların qanunsuz yollarla ələ keçirdikləri var-dövlət də həmin o kasıb xalqın haqqıdır. Əminəm ki, bunu düşünən məmur çox azdır, elə buna görə də xalqın maraqlarına zidd qərarlar verirlər.
Son dövrlər xalqdan xəbəri olmayan məmurların çıxardığı qərarların hamısı sadə vətəndaşın əleyhinə yönəlib. Özlərindən gündə bir icad edirlər. Nə bilim birdən benizinin qiymətini qaldırmaq fikrinə düşürlər, qaza, işığa limit qoyurlar. Elə bil Azərbaycan bunlarındır, istədiklərini edə bilərlər. Hələ də başa düşmək istəmirlər ki, xalqın heysiyyatı ilə oynamaq olmaz. Axı, sizlər elə bu xalqın adıyla ucalmısınız, zirvələrə çıxmısınız. Başa düşmək olmur ki,Tarif Şurası qərar verəndə orada təmsil olunanlar bu barədə əvvəlcədən düşünüblərmi? Yəqin ki, düşünməyiblər, çünki düşünsəydilər, bu cür yanlış addım atmazdılar. Bu onu deməyə əsas verir ki, məmurlar ya xalqı nəzərə almayıblar, ya da xalqı hakimiyyətə qarşı qaldırmaq istəyiblər. Hər iki versiyada da məmurlar suçludur.

Ümid yenə də Prezidentə qaldı. Cənab Prezident hər dəfə müdaxilə etdikdən sonra məmurlar xalqın xeyrinə qərar verir, daha doğrusu, məcbur olurlar. Cənablar, olmazmı ki, özünüz müdaxiləsiz-filansız xalqı düşünəsiniz? Sanki bu məmurlar Prezidentin tərs silləsinə vərdiş edib. Tarif Şurasının qərarına müdaxilə orada oturan məmurlara tərs sillə kimi dəyərləndirilməlidir.

Prezidentin silləsindən sonra verdikləri qərarı geri oxuyan məmurlar xalq tərəfindən lənətlənir, amma sillə sahibinə rəğbət artır.