Özünü Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşı kimi təqdim edərək, dələduzluq yolu ilə Qax, Zaqatala və Balakən rayonları sakinlərinin külli miqdarda vəsaitini mənimsəməkdə təqsirləndirilən şəxs yaxalanıb. 

Unikal.org xəbər verir ki, APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, ötən ilin dekabr ayında bir qrup Zaqatala sakini Zaqatala Rayon Polis Şöbəsinə müraciət edərək, Naxçıvan Muxtar Respublikasında anadan olan, hazırda Bakıda yaşayan, 1966-cı il təvəllüdlü Adıgözəlov Toğrul Rza oğlu tərəfindən aldadıldığını bildirib. Müraciətdə həmin şəxsin özünü FHN-in  əməkdaşı kimi təqdim etdiyi, 2012-ci ildə baş verən zəlzələdə zərər görmüş evlərin tikilməsi üçün sakinlərdən külli miqdarda pul aldığı göstərilib.
 
Keçirilən əməliyyatla T. Adıgözəlov saxlanılıb. Onun Qaxda 22, Zaqatalada isə 17 nəfərin hər birindən 1500-8000 manat aldığı müəyyənləşib. Həmin şəxsin əməllərindən zərə çəkmiş digər şəxslərin də Zaqatala Rayon Polis Şöbəsinə müraciət etmələri xahiş olunur. 

Faktla bağlı cinayət işi başlanıb.