Sabah torpaq çərşənbəsidir. Biz onu daha çox "İlaxır çərşənbə" kimi tanıyırıq. Qarşıdan qədim bayramlardan ola Novruz bayramı gəlir. İnanclara görə, bu il bayramı necə keçirsən, yeddi il də o cür qarşılayacaqsan.
Ona görə də, insanlarımız Novruz bayramını bacardıqca gözəl qarşılamağa çalışırlar.
Yaxşı süfrə açmaq üçün yaxşı pul xərcləmək lazımdır. Pulumuza qənaət etmək üçün yollanırıq paytaxtın Yaşıl bazarına. Adda-budda müştəri var. Satıcılar bayram ərəfəsində alıcıların artacağına ümid edirlər. Əks halda gündə 3-5 manatlıq alverlə bazarın gündəlik yer pulunu belə ödəyə bilməyəcəklər.
Bazardakı qiymətlər bahalı marketlərə nisbətən cibə münasibdir. Nazilə xala 30 ildən çoxdur, meyvə-tərəvəz alveri ilə məşğuldur. Tərəvəz satır. Əgər bayram süfrənizdə təzə tərəvəzin olmasını istəyirsinizsə, pomidorun kilosunu 2 manat, xiyarın kilosunu isə 1.50 manatdan hesablayın.
Nazilə xala deyir ki, bayrama yaxın bazarda qiymətlərin düşəcəyi də ehtimal olunur. Türkiyə Rusiyaya məhsul vura bilmir deyə Azərbaycana göndərir. Bazarda da alıcılıq az olduğundan məhsulları əlində qalan satıcılar məcburən qiyməti aşağı salmalı olur.
Bibər və badımcan Türkiyədən gətirildiyindən nisbətən bahadır. Bibərin kilosu 5 manat, badımcanınkı isə 2 manat. Yerli məhsullar bazara may ayında çıxarılacaq.
Meyvəsiz bayram süfrəsi olmaz. Yaşıl bazarda müxtəlif qiymətə meyvələr var. Yerli və xarici. Almanın qiyməti 1.50 manatdan 2 manata qədər dəyişir. Ordubad heyvası və Sabirabad narının kilosu 2 manatdan satılır. Naringinin kilosu 2, portağalın kilosu isə 1.50 manatadır. Xaricdən gətirilmiş düşes armudun kilosunun qiyməti 2, yerli daş armudun qiyməti isə 3 manatdır.
Novruz bayramını paxlava, şəkərbura və qoğalsız təsəvvür etmək olmur. Odur ki, bazarda ləpənin qiyməti ilə maraqlanırıq. Qoz ləpəsinin qiyməti 8-22 manat, fındıq ləpəsinin qiyməti isə 8-11 manat arasındadır. Kənd yumurtasının dənəsi 20 qəpikdən satırlar.
Qabıqlı qozun və fındığın kilosu 6 manatdır. Şabalıdın qiyməti 6-7 manat arasında dəyişir.
Püstənin qiyməti 15-18, hind qozu 16-17, badam 19-20 manatdır.
Ağ kişmişi 5-8, qara kişmişi isə 6-15 manata almaq olar. Meyvə qurularının kilosunun qiyməti 5-6 manat arasındadı. Alça qurusu və albuxara 5-7, ərik qurusu isə 7-12 manata almaq olar. Bazarın ən üstünlüyü isə satıcıların alıcılara güzəştə getməsidir. Deyirlər, alan olsa, endirim də edəcəklər.
Bazarda ən ucuz pendir 3, bahalısı isə 4 manatadır. Yaşıl bazara gəlsəniz, Nabat xalanın lavaşlarından almaq məsləhətdir. Özünün dediyinə görə, satdığı məhsulda maya qatqısı yoxdur. Ev üsulundan hazırlanmış lavaşların 10 dənəsinin qiyməti cəmi 50 qəpikdir. Qatıq və südün litri isə 1 manatdır. Həmçinin, 6 dəstə göyə də 1 manat verə bilərsiniz. Astara düyüsünün kilosu 7 manatdan, limonunun 2-si 1 manatdan satılır.
Ötən aylarla müqayisədə kartof və soğanın qiymətində dəyişiklik yoxdur. Hər ikisinin kilosu 1 manatadır.
Bazarda bizi ən gözəl qarşılayan turşu satanlar oldu. Hərəsi öz turşusunu tərifləyir, dadına baxmağı təklif edir. Demək olar ki, hər növ turşuların qiyməti 1.50 manat 2 manat arasında dəyişir. Duzlu yarpağın kilosu da 2 manatdır.
Əlbəttə ki, səmənisiz Novruz bayramını təsəvvür etmək olmur. Yaşıl bazarda bir-birindən gözəl səmənilər var. 1 manatdan başlamış 15 manata qədər. Amma 15 manatlıq buta formasında olan səməni satılmışdı. Təəssüf ki, Mahir əmi onu bizə göstərə bilmədi. Şamların qiyməti isə 50 qəpikdən tutmuş 1 manata qədər var.
Biz sizə Yaşıl bazardakı qiymətləri təqdim etdik. Sizə isə bu qiymətləri marketlərdəkilərlə müqayisə edib bazarlıq edəcəyiniz məkanı seçmək qalır.
Və sonda...
Yuxarı adları çəkilən məhsulların bəzisindən bir kilo, bəzilərindən yarım kilo olmaqla bayram bazarlığı etmək üçün azı 100 manat lazımdır.
Süfrəniz bol, cibiniz dolu olsun! Bayramınız mübarək!