Novruz bayramına sayılı günlər qalıb.
Unikal.org xəbər verir ki, ans press azərbaycanlıların bayram süfrəsinə ortalama nə qədər xərcləməli olduqlarının siyahısını tutub:
Milli valyutanın dollar qarşısında 50% ucuzlaşmasını və bir sıra ərzaq və yeyinti məhsullarının qiymətlərinin artmasını nəzərə alaraq Novruz bayramında süfrə açmaq paytaxt sakinləri üçün kifayət qədər ciddi məbləğə başa gələcək.
1 kq düyünün qarası ilə birlikdə aşını süzmək 30 AZN-ə, qara qoyun ətindən olsa 32 AZN-ə başa gəlir, broyler toyuğundan ləvəngi 11 AZN, kənd çolpasından 14 AZN-ə, 1 kq dana və ya qoyun ətindən dolma 11-13 AZN, 10 pors paytaxt salatı isə 8,50 AZN-ə başa qəlir.
Şəkərburalı, paxlavalı, şorqoğallı, səmənili və Novruz çərəzləri ilə dolu orta ölçülü bayram xonçası 15 AZN-ə başa gəlir.
Bununla da təkcə yeməyə və xonçaya azı 75 AZN tələb olunur. Masaya bir qab meyvə və meyvə şirəsi qoymaq istəyən əlavə 20 AZN ödəməlidir. Konfetlərə gəldikdə burada da qiymətlər fərqlidir: şokoladlı konfetin kilosu 4-18 AZN, karamelin qiyməti isə 3,50-7 AZN arasında dəyişir. Bu rəqəmin üzərinə səməni, şam və s. kimi bayram atributlarının qiymətlərini də əlavə etsək, məbləğ bir az da şişir. Beləliklə, orta hesabla Azərbaycanda sıravi ailə bayramı qeyd etmək üçün azı 100-120 manat xərcləməlidir. Bu məbləğ Azərbaycanda orta aylıq əməkhaqqının 25%-ni təşkil edir.
Bayramı adət-ənənəyə uyğun qarşılamaq üçün maaşın 25-30%-ni xərcləmək, əlbəttə ki, əhalinin böyük hissəsinə sərf eləmir. Bir axşama xərclədiyi bu pulları ailə 1-2 həftəyə xərcləyə bilər.