Adı bir sıra qalmaqallarda hallanan Bakı Apellyasiya Məhkəməsinin keçmiş hakimi bu dəfə dələduzluqda ittiham olunur.
Unikal.org xəbər verir ki, "Qafqazinfo"nun ələd etdiyi məlumata görə, prezidentin sərəncamı ilə vaxtından əvvəl hakimlikdən azad olunan Lətif Ədil oğlu Nəbiyev bir qadından biznes qurmaq üçün külli miqdarda pul almaqda ittiham olunur.
Bu barədə Bakı şəhər sakini 1973-cü il təvəllüdlü Rəfayıl Mahmudova 34-cü Polis Bölməsinə müraciət edib.
O bildirib ki, 2015-ci ilin fevral ayında Lətif Nəbiyev onun etibarından sui-istifadə edərək iş qurmaq adı ilə ondan 15 min manat alaraq qaytarmayıb.
Müraciətlər bağlı araşdırma aparılır.
Qeyd edək ki, 2009-cu ildə iş adamı Xanbəyi Zamanov Balaxanı qəsəbəsində məişət tullantıları zavodunun yaxınlığında "Azsamand" markalı avtomobilində "Naqan" tipli tapança ilə öldürülüb, sonra isə yandırılıb.
X. Zamanovun "Şakir" MTK-nın rəhbəri Şakir Hüseynovla uzunmüddətli məhkəmə çəkişməsi olub. Yasamal rayon Məhkəməsi X. Zamanovun xeyrinə qətnamə çıxarıb. Bakı Apellyasiya Məhkəməsində işə baxan hakim Lətif Nəbiyev birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib. Bundan sonra X.Zamanov və qardaşı Elmin 2008-ci ildə Məhkəmə-Hüquq Şurasına müraciət edərək mülki işə Apellyasiya Məhkəməsində baxılarkən məhkəmənin Lətif Nəbiyev tərəfindən korrupsiya hüquqpozmalarına yol verildiyi bildirilib. Məhkəmə Hüquq Şurasının qərarı ilə L.Nəbiyev intizam məsuliyyətinə cəlb edilib və ona töhmət verilib.
Sonra isə adı bu qətldə sifarişçi kimi hallandığı üçün vaxtından əvvəl hakimlik səlahiyyətlərinə xitam verilib.