Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edən millət vəkili Fəzail İbrahimli hökumət üzvlərinin əhaliyə və deputatlara açıq olmamasından şikayətlənib.
 
Unikal.org xəbər verir ki, F.İbrahimli çıxış edərək bildirib ki, Milli Məclis təkcə qanunverici orqan deyil, həm də ümid qapısıdır: "Hətta sizdən - hökumət üzvlərindən üz döndərənlər bizə üz tuturlar. Bunlar bizə yönəlir. Biz qanunların qəbulunda iştirak edə bilirik, bizim əlimizdə mexanizm, qanun, qərar var ki, problemləri həll edək. Bizə gələnlər o xalqın nümayəndələridir ki, siz onun hüzuruna gedirsiniz, rayonlarda görüş keçirirsiniz. El arasında bizə xalq elçiləri deyirlər, bunun üçün sizin telefonlarınız, qapınız, özünüz bizim üzümüzə açıq olmalısınız. Kim deyə bilər ki, baş nazir Artur Rasizadə ilə hər hansı bir problem həll etmək çətindir? Heç kim deyə bilməz. Çünki Artur Rasizadə Azərbaycanda məmur əxlaqı məktəbinin banisidir. Kim deyə bilər ki, daxili işlər naziri ilə hər hansı problem həll etmək zaman aparır? Heç kim deyə bilməz. Çünki çevik iş mexanizmi var. Bu üslubda iş rejimi olan insanların çiynində Azərbaycan gedib. Dediyim o uğurları qazanan bu işığa sahib insanlardır".
 
Deputat Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbovdan da şikayətlənib: "Kim deyə bilər ki, BŞİH başçısı ilə hər hansı məsələni həll etmək, görüşmək, söhbət etmək mümkündür? Kim desə Ginnesin rekordlar kitabına adını yazdırsın. Bu iş üslubunda olan bizim digər məmurlarımız da var. Bir yol var - dövlət başçısının "Azərbaycanda toxunulmaz adam yoxdur, məmur xalqın xidmətçisidir" çağırışına qoşulmaq! Uğurları gözdən salan, bu hökumətin yandırdıqlarını piləyib söndürən, ortada yeyib qıraqda gəzənlərdən olmayaq".