Nərimanov rayon məktəbliləri "Ölkəmizi tanıyaq" devizi ilə maarifləndirici tur-aksiyalarda iştirak edirlər
Ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərinin dərindən öyrənilməsi məqsədilə respublikamızın müxtəlif şəhər və rayonlarında yaşayan gənclərin digər bölgələrə səyahətlərinin təşkilinə dair Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, 54 şəhər və rayondan 1980 şagirdi əhatə edəcək "Ölkəmizi tanıyaq" devizi ilə maarifləndirici tur-aksiyaları layihəsi çərçivəsində 2016-cı il 16 mart tarixində Nərimanov rayonun məktəblilərindən 14 nəfərlik birinci qrupu Naxçıvan Muxtar Respublikasına yola salındılar.
Məktəblilər tur zamanı Naxçıvanın tarixi və mədəniyyət abidələri, yerli adət-ənənələrlə tanış olacaq, bölgələrimizin müasir simasını əks etdirən Heydər Əliyev mərkəzləri, Bayraq meydanları, gənclər mərkəzləri, rəsm qalereyaları, həmçinin tarix-diyarşünaslıq muzeylərinə və digər obyektlərə baxış keçirəcəklər.
Mərasimdə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova qeyd etmişdir ki, bu gəzintilər ölkəmizin tarixini dərindən öyrətməklə yanaşı, gənclərimizə Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə milli dövlət quruculuğu sahəsində görülmüş işlərlə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi dinamik sosial-iqtisadi inkişafla hər bir şəhər və rayonun nümunəsində tanış olmaq imkanı yaradacağını bildirmiş, məktəblilərə uğurlar arzulamışdır.
Məktəbliləri yola salan müəllim və valideynlər məktəblilərə səfərlə bağlı tövsiyələrini verdilər, onlara mənalı istirahət, zəngin təəssürat arzuladılar.