Türkiyəli onkoloq-uzman Betül Açıkalın dezodorant və antipresperantların tərkibindəki kimyəvi maddələrin xərçəngə yol aça biləcəyini iddia edir. Həkim qətiyyətlə bildirir ki, yetkinlik çağına çatmayanlar dezodorant istifadə etməməlidirlər.
Unikal.org Aile.lent.az-a istinadən xəbər verir ki, B. Açıkalın bununla bağlı açıqlamalarını təqdim edir.
Məlum olduğu kimi, yetkinlik çağında qoltuqaltı tüklər təmizlənir və uyğun dezodorant istifadə edilməyə başlanır. Lakin həkim yetkinlik yaşına çatmayan, yəni yaşı 16-dan az olanlar üçün dezodorantdan istifadənin uyğun olmadığını deyir. Dezodorant və tərin qarşısını alan digər vasitələrlə bağlı analar uşaqlarını məlumatlandırmalıdırlar: "Yetkinlik dövründə qoltuqaltı tüklərinin çıxması ilə birlikdə hormonların təsiri ilə qoxulu ifraz edilən apokrin vəzləri ifrazat etməyə başlayır. Bu yaşlardan etibarən qoltuqaltı tez-tez sabunla yuyulmalı və tüklər təmizlənməlidir. Əvvəlcə tüklər qayçı ilə qısaldıla bilər və dəriyə zərər verməyəcək üsullarla, məsələn, ehtiyatla təraş edilməklə və ya tük tökücü kremlə təmizlənə bilər. Lazer epilyasiyası isə 18 yaşından sonra edilə bilər. Tüklərin uzun olması həm pis qoxuya, həm də bakteriyaların törəməsinə, bəzi dəri xəstəliklərinin meydana gəlməsinə zəmin yarada bilər".
 
Dezodorantların tərkibindəki kimyəvi maddələr döş xərçənginə səbəb ola bilər
  
B. Açıkalın sözlərinə görə, dezodorantların tərkibində olan metil, etil, propil, benzil, butil kimi kimyəvi maddələr olduqca təhlükəlidir. Tərləmənin qarşısını alan kosmetik vasitələrin tərkibindəki alüminium birləşmələrdə aparılan araşdırmalar sübut edib ki, döş xərçəngi riskini artıran təhlükəli maddələrdən biri olan paraben ən çox dezodorantlarda və digər kosmetik vasitələrdə var: "Dərimizə birbaşa tətbiq etdiyimiz bəzi məhsullar birbaşa bədənimizə daxil olaraq kapilyar damarların yolu ilə qan dövranına qarışa bilir. Əgər toksik və kanserogen bir maddə tərkiblidirsə, demək, bədənimizə bu zərərli maddələri də daxil etmiş oluruq. Xüsusilə xoş qoxu vermə məqsədiylə həmin məhsullara əlavə edilən metilen xlorid, toluol, metal, etil, keton, etilen, qlikol kimi müxtəlif toksik kimyəvi maddələrdən qəti olaraq uzaq durmaq lazımdır".
 
Dezodorant seçərkən tərkibi ilə maraqlanın
 
İlk növbədə dezodorant qoxu aradan qaldırıcı alüminium komponentləri ehtiva etməməlidir. Həkim bildirir ki, alüminium əmilərək qan dövranına daxil olur və bədəndə yığılır. Dəri ilə təması belə, olduqca zərərlidir: "Kimyəvi maddələr ehtiva edən dezodorantları almazdan əvvəl mütləq etiketi oxunmalıdır. Bitki mənşəli qliserin, bioflavonoid, otlar və ya bitki ekstraktları, ionlu su və distillə edilmiş su, yaşıl çay, aleo vera və qabartma tozu kimi təbii materialları ehtiva edən məhsullar seçilməlidir".