CNN telekanalı yeni seçilmiş prezident Donald Trampın inaqurasiya mərasimi zamanı qətli halında prezident səlahiyyətlərinin varisliyi haqqında reportaj hazırlayıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, müxbir Brayan Todd yalnız seçilmiş prezidentə deyil, həm də vitse-prezidentə və Konqresin ən yüksək şəxslərinə sui-qəsd ssenarisinə baxıb.

CNN xatırladır ki, ABŞ Konstitusiyasına görə, əgər prezident və vitse-prezident öldürülərsə, Nümayəndələr Palatasının spikeri onları əvəz edə bilməzsə, o halda onu müvəqqəti Senatın sədri əvəz edir. Əgər bunların heç biri mümkün olmasa, prezidentin səlahiyyətlərini dövlət katibindən başlayaraq, nazirlər icra edirlər.

Yanvarın 20-də günortaya qədər Barak Obamanın nazirləri, həmçinin dövlət katibləri səlahiyyətlərini artıq dayandırır. Amma Tramp tərəfindən dövlət katibi postuna namizədliyi irəli sürülmüş Reks Tillerson bu vəzifəyə Senat tərəfindən hələ təsdiq edilməyib. Buna görə də dövlət katibinin vəzifələrini müvəqqəti olaraq siyasi məsələlər üzrə dövlət katibinin müavini, Obama administrasiyasının nümayəndəsi Tom Şennon icra etməyə başlayacaq.

Bundan başqa, ABŞ-da nazirlərdən biri növbətçi varis olur. O, inaqurasiyada iştirak etmir və uzaq yerdə mühafizə altında saxlanılır. Onun adı açıqlanmır. CNN bildirir ki, növbətçi varis Trampın komandasından olmayacaq, o, Obama administrasiyasından olacaq.(publika.az)