Azərbaycan prezidenti İlham Əliyev "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri"nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında sərəncam imzalayıb.
Unikal.org-un məlumatına görə, "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri"nə müvafiq olaraq inkişaf planlarının işlənilməsi məqsədi ilə aşağıdakı tərkibdə İşçi qrupu yaradılıb:
İşçi qrupunun rəhbəri
Natiq Əmirov – Azərbaycan Respublikası Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi.
İşçi qrupunun üzvləri:
İlqar Fətizadə – Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini
Sevinc Həsənova – Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini
Alim Quliyev – Azərbaycan Respublikası Mərkəzi Bankının sədrinin birinci müavini
Vilayət Vəliyev – Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin İqtisadi islahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru
Ədalət Muradov – Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru
Emin Hüseynov – ADA Universitetinin prorektoru
İşçi qrupuna tapşırılıb ki, sərəncamla təsdiq edilmiş "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri" nəzərə alınmaqla, aşağıdakı layihələri altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin:
- 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasının və tədbirlər planının layihəsini;
- 2025-ci ilədək dövr üçün uzunmüddətli baxışın layihəsini;
- 2025-ci ildən sonrakı dövrə hədəf baxışın layihəsini.
Müəyyən edilib ki, sərəncamda nəzərdə tutulmuş layihələrin hazırlanması işinə İşçi qrupu tərəfindən yerli və xarici ekspertlər, mütəxəssislər, məsləhətçi şirkətlər və elmi təşkilatlar cəlb oluna bilər, layihələrin hazırlanması ilə əlaqədar Azərbaycana dəvət edilən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında yerləşən struktur bölmələrindən viza ala bilərlər, İşçi qrupunun dəvət məktubu viza verilməsi üçün əsas hesab edilsin.
Nazirlər Kabinetinə, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və aidiyyəti dövlət qurumlarının rəhbərlərinə tapşırılıb ki, İşçi qrupunun müraciəti əsasında lazımi məlumatların və sənədlərin təqdim olunmasını, habelə İşçi qrupunun fəaliyyətində nümayəndələrinin iştirakını təmin etsin.
Sərəncam imzalandığı gündən qüvvəyə minir.