Azərbaycan prezidenti İlham Əliyev yanvarın 19-da Davosda Dünya İqtisadi Forumunun "İpək Yolunun səmərəsi adlı interaktiv iclasında iştirak edib.
Unikal.org xəbər verir ki, dövlət başçısı iclasda çıxış edib və sualları cavablandırıb.Dünya İqtisadi Forumunun "İpək Yolunun səmərəsi adlı interaktiv iclasında Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı, Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili, Monqolustan Prezidenti Saxiaqiyn Elbeqdorj və digər ölkələrin nümayəndələri iştirak ediblər.
Azərbaycanın tarixi İpək Yolunun bərpasında önəmli rol oynadığını deyən Prezident İlham Əliyev bu istiqamətdə ölkəmiz tərəfindən görülən işlərdən danışdı. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin İpək Yolunun bərpasına xidmət etdiyini, bu dəmir yolu vasitəsilə İpək Yolunu qısa vaxtda qət etməyin mümkün olacağını deyən dövlətimizin başçısı hazırda Bakıda Xəzər regionunda ən böyük dəniz limanının tikildiyini bildirdi, İpək Yolunun sərmayədarlar üçün cəlbedici olmasının yolları barədə düşünülməsinin vacibliyini diqqətə çatdırdı. İpək Yolunun ölkələr arasında dostluğun və əməkdaşlığın daha da gücləndirilməsinə xidmət edəcəyini deyən Prezident İlham Əliyev ötən ilin Azərbaycanda "Multikulturalizm İli, bu ilin isə "İslam Həmrəyliyi İli elan olunduğunu bildirdi, bu çərçivədə həyata keçirilən tədbirlərin həm də İpək Yolu layihəsinin uğurla reallaşmasına töhfə verəcəyini vurğuladı.
Dövlət başçısı İpək Yolu üzərində yerləşən ölkələr arasında əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə əlaqələndirmə qurumunun yaradılmasının əhəmiyyətinə toxundu, bunun bir çox layihələrin nəzərdən keçirilməsi, qərarların qəbul olunmasına imkan verəcəyinə əminliyini ifadə etdi. Prezident İlham Əliyev hazırda yüklərin İpək Yolu ilə daşınması üzrə müxtəlif ölkələrlə əməkdaşlıq üzərində iş getdiyini diqqətə çatdıraraq Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizinin reallaşması ilə bağlı tədbirlər gördüyünü bildirdi.