Yeni Azərbaycan Partiyasının sədr müavini-İcra katibi, baş nazirin müavini Əli Əhmədov bu gün Bakının Xətai rayonundakı kənd təsərrüfatı yarmarkasında, Nərimanov rayonundakı "Yaşıl bazar"da və "Grandmart" marketdə media nümayəndələrinin iştirakı ilə bayramqabağı qiymətlərə baxış keçirib.
Unikal.org-un məlumatına görə, baxış zamanı yarmarkada qiymətlər münasib olsa da, "Yaşıl bazar"da, "Grandmart" marketdə qiymətlərin 3-4 dəfə baha olduğu müəyyən edilib. Baş nazirin müavini bundan ciddi narahat olub.
Ə. Əhmədov jurnalistlərə bildirib ki, baxış zamanı satış mərkəzlərində mal çeşidlərinin təxminən eyni olduğu, keyfiyyətlərində bir fərq olmadığı aşkarlanıb: "Amma qiymətlərdə fərq çox yüksəkdir. Bundan ciddi nəticələr çıxarılmalıdır. Əlbəttə, qiymətlərdə fərq qeyri-adi hal deyil, lakin bir şərtlə ki, fərq bu dərəcədə böyük olmasın. Hazırda qeyri-adilik odur ki, qiymətlərdə fərq olduqca yüksəkdir. Yarmarkada alıcıların sayı çox idi. İnsanlar oradan mal alırlar. Ənənəvi bazarda isə satıcılar çox, amma alıcılar demək olar ki, yoxdur. Çünki qiymətlər çox bahadır. Bizim məqsədimiz ondan ibarətdir ki, qiymətlərdə fərq az olsun. Düşünürəm ki, yarmarkalarda xidmətin keyfiyyətinin yüksəldilməsinə ehtiyac var, bazar və marketlərdə isə qiymətlərin süni sürətdə artırılması ilə əlaqədar ciddi işlər görülməlidir".
Ə. Əhmədov hesab edir ki, bayram günlərində həm insaf və ədalət baxımından, həm də bazar prinsipləri baxımından gərək qiymətlər aşağı salınsın: "Təəssüf ki, bizdə bəzən nə satıcılar, nə də sahibkarlar biznes qaydalarına, bayram adət-ənənələrinə əməl edir. Çox yaxşıdır ki, prezidentin tapşırığı ilə yarmarkalar yaradılıb, burada insanlara xidmət göstərilir, qiymətlər qaldırılmır. Hesab edirəm ki, bundan sonra yarmarkaların sayı artırılmalıdır ki, bu, bazarlardakı qiymətlərə də təsir etsin".
Ə. Əhmədov məsələnin ciddi nəzarətdə olacağını bildirib.