Müxtəlif mobil operatorları tərəfindən, insanların razılığı olmadan, onların bir sıra kampaniyalara qoşulması, əvəzinə isə balanslarından pulların çıxılması məsələsi həmişə gündəmdədir.
Unikal.org-un xezerxeber-ə istinadən məlumatına görə, analoji hadisə İnformasiya Təhlükəsizliyi üzrə ekspert Vahid Qasımovun da başına gəlib:
"4G data kartda istifadə etdiyim internet paketi bitdikdən sonra, onu uzadmaq üçün onlayn pul köçürdüm və sonra paketi aktivləşdirmək üçün aktivasiya kodu göndərəndə paket aktivləşmədi. Öyrəndim ki, mənim telefon nömrəm 1 neçə kontent provayderə bağlı imiş və onlar da mənim hesabımdan yeni köçürtdüyüm puldan götürüblər. Söhbət qəpiklərdən getmir, söhbət insanların aldadılmasından gedir".
Bu data kartı cəmi 2 aydır istifadə edən Vahid Qasımov bildirir ki, heç bir kampaniyaya və kontent xidmətlərinə könüllü qoşulmayıb.
Araşdırma göstərir ki, mobil operatorların qaydalarına uyğun olaraq data kart kimi fəaliyyət göstərən nömrələrin kontent xidmətlərinə qoşulması mümkün deyil. Yəni ortada həqiqətən də qeyri - qanuni fakt var. İKT mütəxəssisi Osman Gündüz də faktı təsdiq edir. Onun sözlərinə görə, ölkəmizdə istifadəçinin razılığı olmadan onun nömrəsinin bu məqsədlə istifadəsi mümkündür. Bunun üçün hansısa adi sayta daxil olmaq kifayətdir.
Bu tip hallarla mübarizə aparmaq üçün yalnız bir yol qalır. İstifadəçilər gərək mütəmadi olaraq müştərisi olduqları mobil operatorla əlaqə saxlayaraq, nömrələrinin hansısa kontent xidmətlərinə qoşulub qoşulmağını aydınlaşdırsınlar.