"Aleksandr Lapşin məsələsini siyasiləşdirmək lazım deyil.

Unikal.org APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Prezident Administrasiyasının rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin rəhbəri Novruz Məmmədov deyib.

N. Məmmədov bildirib ki, bu, dövlətlər arasında hüquqi məsələdir: "Hüquqa xidmət etmək dünya üçün vacib məsələdir. Belə olan halda dövlətlərarası əməkdaşlıq daha səmimi olur. Bu beynəlxalq hüquqda bu öz əksini tapmış məsələdir. Bundan istifadə edərək dövlətlərarası münasibətləri pozmaq meylləri də görünür. Rusiya böyük dövlətdir. Azərbaycanla Rusiya arasında əlaqələr böyük əlaqələridir, böyük tarixi var. Biz bu illər ərzində, 2 əsrdən artıq dövrdə olan proseslərin ən yaxşı təməllərini seçib, iki ölkə arasında əməkdaşlıq qurmuşuq. İki ölkə arasında mehriban dostluq, sıx qonşuluq və strateji tərəfdaşlıq əlaqələri möhkəm təməllər üzərindədir. Bu iki ölkə arasında əlaqələrə zərbə vurmaq mümkün deyil. Həmin ərazilər Azərbaycan ərazisidir. Ora gələn şəxs Azərbaycanın razılığı ilə səfər etməlidir. Biz icazə verməmişiksə, deməli bu hüquq pozuntusudur.

Novruz Məmmədov həmçinin Azərbaycan prezidentinin Brüssel səfəri əməkdaşlığın genişlənməsinə töhfə verəcəyini diqqətə çatdırıb. 

"Azərbaycan prezidentinin Brüssel səfəri, mühüm əhəmiyyəti olan səfəri idi. Ölkə prezidentinin səfəri Avropa İttifaqı prezidentinin dəvəti ilə reallaşıb. Azərbaycan Avropa İttifaqı arasında əməkdaşlıq ölkəmiz müstəqillik qazandıqdan sonra başlayıb. Bu əməkdaşlığın zəngin tarixi var. Bu əməkdaşlığı zəngin əməkdaşlıq hesab etmək olar. Bu illər ərzində Azərbaycan Aİ-nin müxtəlif qurumları ilə sıx əməkdaşlıq edib, ittifaqa üzv 9 ölkə ilə strateji bəyanat, bəyannamə imzalayıb. Bu Azərbaycanla Aİ arasında əlaqələrin nə qədər yüksək olduğunu göstərir. Bu əlaqələr demək olar ki, bütün sahələr - təhlükəsizlik, iqtisadi, siyasi, xüsusilə enerji sahələrində qurulub. Son illər nəqliyyat sahəsində əlaqələrin inkişafı istiqamətində böyük işlər gedir. Bütün proseslərdə Azərbaycan prezidenti Azərbaycanın milli və dövlətçilik maraqlarını əsas götürür, onları nəzərə alaraq addımlar atır. Avropa İttifaqı tərəfindən bir zamanlar

Azərbaycana təqdim edilən assosiasiya sazişi Azərbaycan tərəfindən qəbul olunmadı. Biz orada müəyyən məsələlərin Azərbaycanın milli və dövlətçilik maraqlarına cavab vermədiyini qeyd edərək buna razı olmadıq. Biz əməkdaşlığın başqa formatını təklif etdik. Avropa İttifaqında müəyyən məsələləri təhlil etdilər və bildirdilər ki, bu mümkündür.

Ötən ilin sonlarında iki tərəf arasında tərəfdaşlıq sənədinin hazırlanması üçün mandat verildiyini qeyd edən N. Məmmədov deyib ki, hazırda bu istiqamətdə iş gedir: "Prezident Aİ-nin bütün rəhbərləri ilə faydalı danışıqlar apardı. Bu əlaqələrin davam etdirilməsi, inkişaf etdirilməsi və bütün sahələrdə dərinləşdirilməsi vacibdir. Görüşlərdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi qeyd olundu. Bu, böyük əhəmiyyət daşıyır. Bu səfər əməkdaşlığın genişlənməsinə töhfə verəcək.