Azərbaycanın Küveyt Dövlətindəki fövqəladə və səlahiyyətli səfiri bu ölkəyə təyin olunması barədə etimadnaməni Küveyt Əmiri Şeyx Sabah Əl-Əhməd Əl-Sabaha təqdim edib.
Unikal.org xəbər verir ki, səfirlikdən Trend-ə verilən məlumata görə, təqdimetmə mərasimində fəxri qarovul düzülüb, Azərbaycanın Dövlət bayrağı yüksəldilib və Dövlət himni səsləndirilib. Daha sonra səfir Elxan Qəhrəman Küveyt Dövlətinin Əmiri Şeyx Sabah Əl-Əhməd Əl-Sabahla görüşüb və etimadnaməsini Əmirə təqdim edib.
Rəsmi mərasimdən sonra keçirilmiş söhbət zamanı səfir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iki dost ölkə arasında əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini qeyd edib. Əmir Şeyx Sabah Əl-Əhməd Əl-Sabahın Azərbaycana səfər edəcəyinə ümidvar olduğunu deyən diplomat bu səfərin iki ölkə arasında mövcud səmimi münasibətlərin daha da genişlənməsinə öz töhfəsini verəcəyinə inandığını vurğulayıb.
E.Qəhrəman Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəxsən Əmir Şeyx Sabah Əl-Əhməd Ə-Sabaha və dost Küveyt xalqına ünvanladığı salamları və xoş arzuları çatdırıb. Bundan əlavə, respublikamızın Küveytdə səfiri təyin olunması ilə əlaqədar qürur hissi keçirdiyini, bu şərəfli vəzifənin üzərinə qoyduğu məsuliyyəti qeyd edərək, Azərbaycan-Küveyt münasibətlərinin daha da möhkəmləndirilməsi və genişləndirilməsi üçün var qüvvəsini sərf edəcəyini bildirib.
Əmir Şeyx Sabah Əl-Əhməd Əl-Sabah Azərbaycanın ölkəsindəki səfirini qəbul etməkdən məmnun olduğunu bildirib. Əmir Azərbaycanla əlaqələrin inkişafını alqışladığını və bu əlaqələrin daha da inkişaf edəcəyinə əmin olduğunu vurğulayıb. Şeyx Sabah Əl-Əhməd Əl-Sabah cənab İlham Əliyevə xoş arzularına görə səmimi minnətdarlığını ifadə edib, öz növbəsində, möhtərəm Prezidentə salamlarının və bütün Azərbaycan xalqına rifah, inkişaf və tərəqqi barədə arzularının çatdırılmasını xahiş edib.
Əmir 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Küveyt Dövlətinə rəsmi səfərinin ona bəxş etdiyi xoş təəssüratlardan danışaraq, özünün Azərbaycana səfər etməsinin yaxın gələcəkdə reallaşacağına ümidvar olduğunu bildirib.