"Bütün beynəlxalq platformalarda Ermənistanın işğalçılıq siyasəti məsələsini qaldırmalıyıq. Dağlıq Qarabağ münaqişəsinin həlli üçün qətiyyətli addımlar atmalıyıq".

Unikal.org xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) İslamabadda keçirilən 13-cü sammitində çıxışı zamanı Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı haqqında danışarkən deyib.

Dağlıq Qarabağ münaqişəsinin uzun müddətdir davam etdiyini və münaqişənin həlli üçün 20 ildən çoxdur həyata keçirilən səylərin hələ də nəticəsiz qaldığını xatırladan R.T.Ərdoğan İƏT və BMT çərçivəsində bu istiqamətdə birgə tədbirlərin həyata keçirilməsi ilə ciddi nəticələr əldə etməyin mümkün olduğunu bildirib:

"Dağlıq Qarabağ problemi yox imiş kimi davrana bilmərik. Bütün beynəlxalq platformalarda Ermənistanın işğalçı siyasəti ilə bağlı məsələni qaldırmalıyıq. Dağlıq Qarabağ problemini görməzdən gələ bilmərik. 20 ildir davam edən danışıqlar nəticəsində problem hələ də həll edilməyib,

O, çıxışı zamanı həmçinin Əfqanıstanda terror məsələsinə də toxunub. Ərdoğan bu ölkədə terrora qalib gəlmək üçün bütün qüvvələri birləşməyə çağırıb.

"Türkiyə YPG, PKK, FETÖ və s. kimi terror təşkilatlarına qarşı mübarizə aparır. Terrorun qarşısını birdəfəlik almalıyıq", - deyə, Türkiyə prezidenti vurğulayıb.