Sədaqət Rəsulova: "Bu layihələrdə uğurumu görüb mənim başqa bir layihədə iştirakıma imkan yaratdılar

Əhalinin aztəminatlı hissəsinin məşğulluğunun təminatı dövlətin daim diqqət mərkəzində saxladığı məsələlərdəndir. Qeyd edək ki, aztəminatlı ailələrdə məşğulluq məsələsinin həlli əsasən ailə başçısının işlə təminatı ilə həll edilir. Amma elə ailələr var ki, orada ailə başçısı qadın olduğundan, qadınların da işlə təmin olunması məsələsi gündəmə gəlir. Kənd yerlərində aztəminatlı ailələrdə qadınların məşğulluğu məsələsi, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramında da öz əksini tapıb. Birləşmiş Millətlər Təşkilatının Azərbaycan Nümayəndəliyinin (BMTİP) ofisindən aldığımız məlumata görə, Kənd, Rayon Qadınlarının Sosial və İqtisadi Həyatda İştirakının Təşviqi, Kənd və Rayon Qadınlarının İqtisadi və Sosial həyatda iştirakları üçün Səlahiyyətlərin Verilməsi layihəsi Azərbaycanda da BMTİP-nin donorluğu ilə reallaşıb. BMTİP-dən bildirdilər ki, gender bərabərliyinə nail olmaq BMT-nin ən vacib məqsədlərindən biri olmaqla yanaşı tam insan inkişafına nail olmaq üçün də zəruri ilkin şərt hesab olunur. Gender bərabərliyi cinsindən asılı olmayaraq fərdi ictimai inkişafın mərkəzində görür, eləcə də demoktratikləşmə və millətin dayanıqlı inkişafı yolunda irəliləyişə imkan yaradır. Qanun çərçivəsi və Azərbaycan Hökümətinin apardığı siyasət qadınların öz hüquqlarından istifadə etmək və cəmiyyətdəki mövqelərini gücləndirməsi üçün əlverişli şərait var. Azərbaycan müstəqillik əldə etdikdən bəri qadın hüquqlarının qorunması haqqında demək olar ki, bütün mühüm beynəlxalq sənədləri tanıyıb. Lakin, bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da qanunvericilik aktları və onların tətbiqi arasında boşluq var. Qadın və kişilərin iqtisadi, sosial və siyasi sahədə iştirak səviyyəsində müşahidə edilən bərabərsizliklər əsasən qadınların ailə və ictimai roluna olan patriarxal münasibət və sterotiplərlə izah edilir. Bu da hüquqi müddəaların istifadəsinə böyük maneə törədir və qadınların ictimai həyatda, əmək bazarında və digər sahələrdə əlverişsiz mövqelərinə səbəb olur. Layihənin məqsədi kənd qadınlarının iqtisadi və sosial həyatda iştirakını artırmaqla, Qadınlara Münasibətdə Ayrı Seçkiliyin Bütün Formalarının Ləğvi Komitəsinin (CEDAW) tövsiyyələrinə uyğun olaraq Azərbaycan Respublikası Ailə Qadın və Uşaq məsələləri üzrə Dövlət Komitəsini milli islahatların həyata keçirilməsində dəstəkləməkdir. BMT İP qadınların iqtisadi və ictimai həyatda iştirakını artırmaqda AQUPDK-nın fəaliyyətlərini dəstəkləyir. Diqqəti kənd yerlərinə və həmçinin dəlil əsaslı siyasət formalaşdırmaqda keyfiyyətli məlumat bazası yaratmaq üçün AQUPDK heyətinin bacarıqlarının artırılmasına yönəldir.
BMTİP-dən verilən məlumata görə, Dövlət Komitəsi və BMTİP Dövlət Komitəsi heyəti üçün gender-həssas siyasətinin inkişaf etdirilməsi üzrə təlim həyata keçirib. Bu yolla ölkə üzrə aztəminatlı qadın qruplarını hədəfləyən siyasət və proqram yaratmaqda qurumun potensialını artırıb: "Rayon və ya kənd qadınlarının iqtisadi sahədə iştirak ehtiyacları və problemlərinin dəyərləndirilməsi, pilot ərazilərin Sabirabad rayonu kənar və kənd sahələrində yaşayan qadınların həyat səraiti,problem və arzuları haqqında əhəmiyyətli məlumat verdi. Təhsil və Maarifləndirmənin artırılması resursları, Azərbaycanda qadınların iqtisadi hüquqları haqqında və kənd qadınlarının iqtisadi ,siyasi təşkilatının təkmilləşdirilməsində ən yaxşı beynəlxalq təcrübə barəsində önəmli məlumatlar təqdim etdir. Görüşlər və seminarlar aztəminatlı qrupları müəyyən etməyə və əsas maraqlı tərəflər yerli sahibkar qadınlar,biznesə başlaya biləcək gənc kənd qadınları və yerli özünüidarəetmə arasında əlverişli rabitə kanalı yaratmağa kömək etdi.Layihənin nəticəsi isə müsbət və gözlənilən olub. İqtisadi fəaliyyəti artırmaq istəyən kənd və rayon qadınlarının əlaqələrin qurulması, eləcə də bilik və bacarıqların inkişafı vasitəsilə dəstəklənməsi, kənd və rayon qadınlarının yaşadıqları icmalarda qərar vermə proseslərində iştirakının inkişafına nail olunub. Özəl sektorun banklar,özəl şirkətlər və qeyri-bank kredit qurumları kən-rayon qadınlarının maraq və ehtiyaclarına daha həssas yanaşması müşahidə olunub. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kənd və rayon qadınlarının ehtiyaclarının qarşılanması üçün imkanlarının genişləndirilməsinə də nail olunub.BMTİP-in Bakı Ofisindən verilən məlumata görə, "Kənd və Rayon Qadınlarının İqtisadi və Sosial həyatda iştirakları üçün Səlahiyyətlərin Verilməsi layihəsi səmərə verib. Layihə çərçivəsində aparılan görüşlər, seminarlar aztəminatlı qrupları müəyyən etməyə və əsas maraqlı tərəflər yerli sahibkar qadınlar,biznesə başlaya biləcək gənc kənd qadınları və yerli özünüidarəetmə arasında əlverişli rabitə kanalı yaratmağa kömək edib.
Bu layihələrdən yararlanaraq öz işinin sahibi olanlardan biri də, Sabirabad rayonunun Cavad İcra Nümayəndəliyinin Həsənli kənd sakini Sədaqət Rəsulovadır. S.Rəsulova deyir ki, öz biznesini necə qurub yaratdığını düşünəndə, özünün belə inanmağı gəlmir: "Mən əvvəllər kəndin ən öndə gedən, işgüzar qadınlarından olmuşam. Təsərrüfatlar dağıldıqdan sonra işsiz idim. "Kənd və rayon yerlərində yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakının təşviqatı texniki yardım layihəsi barədə xəbər tutanda qərara gəldim ki, bu layihəyə qatılım. Əvvəlcə təlimlərdə iştirak etdim. Kənardan dediklərim kimin üçünsə qəribə gələ bilər. Amma mən öz işimi qurmaq arzusundaydım. Bu arzunun da ardınca getdim. Mən təlimdə iştirak edərək biznes fəaliyyət planımın layihəsini işlədim. Layihəm bəyənildi. Çünki, özümün də təsərrüfatda işləmək təcrübəm vardı. Mənə ilkin mərhələdə 1200 cücə alıb verdilər. Hansı yemdən deyirdimsə, o yemdən alıb verirdilər. Beləcə cücələri bəsləyib, böyüdüb satıb xeyirini gördüm. Ordan əldə etdiyim vəsaitlə yenidən bu təsərrüfatı inkişaf etdirdim. Bu layihələrdə uğurumu görüb mənim başqa bir layihədə iştirakıma imkan yaratdılar. İndi mənim cücə sexim var. Həmin sexdə dörd ədəd inkubator aparatı vasitəsilə kənd sakinlərinə aşağı qiymətə cücə çıxardırıq. Bizim bu fəaliyyətimizdən həm özümüz xeyir görürük, həm də kənd sakinləri. Belə deyək ki, başqa sexlər yumurtanın bir ədədindən cücəni 50-60 qəpikdən çıxardanda, biz bunun üçün kənd sakinlərindən 10-15 qəpik tələb edirik. Kənd sakinləri özləri yumurta gətirib bizim sexə verərək aşağı qiymətə cücə çıxartdıraraq öz təsərrüfatlarını qururlar. Beləcə kənd yerlərində öz təsərrüfatında kiçik biznesini quran qadınların sayı artır.
Həmsöhbətimiz deyir ki, rayonda aztəminatlı ailələrin bu layihələrə qatılaraq iş sahibi olması kənd yerlərində məşğulluq problemini aradan qaldırır. Onun sözlərinə görə, işsizlik probleminin həlli üçün imkansız ailələrə şəxsi təsərrüfatlarını qurmaq üçün yaradılan imkan işsiz, evdar qadınları iş sahibinə, sahibkara çevirir: "Təsəvvür edin ki, evdə işsiz oturmusunuz. Xəbər tutursunuz ki, layihə həyata keçirilir və işsiz amma işgüzar, zəhmət sevər qadınlara maliyyə dəstəyi göstərilərək onların gəlir əldə etməsinə imkanlar yaradılır. Bunu eşidəndə ola bilər ki, kimsə inanmasın. Amma mən inandım və öz işimi qurdum. Həmsöhbətimiz onu da bildirir ki, xüsusilə qadınlara bu cür dəstək çox vacibdir: "Kənd yerlərində, rayonlarda kişilər iş tapmaq üçün Bakıya üz tuturlar. Amma qadınların öz evini-eşiyini qoyub iş dalınca getməsi alınmır. Bu cür layihələr imkan yaradır ki, kənd qadınları da işləyib pul qazansın.
S. Rəsulova layihənin müsbət tərəfinin isə ələ nağd şəkildə pulun verilməməsi olduğunu söyləyir. Onun sözlərinə görə, bu qayda maliyyə yatırılan işlərin daha uğurlu olmasına gətirib çıxardır: "Bizim əlimizə heç kəs nağd pul vermir ki, get özünə ferma aç, yaxud da dərzi sexi tik. Kim bu və başqa işləri bacarırsa, müraciət edir. Ona bu işi qurmaq üçün alətlər alınır, şərait qurulur. Dərzidirsə, tikiş maşını alınır. Bərbərdirsə, ilkin işə başlamaq üçün saç feni və yaxud digər lazımi avadanlıqlar alınır. Ataların məsəli var: "Adam həcətlə iş görər, höcətlə yox. Yəni işə başlamaq üçün bütün şərait yaradılırsa, nağd sərmayəyə ehtiyac da qalmır. Ehtiyac bircə ona qalır ki, sənə yaradılan şəraitdən məharətlə istifadə edib pul qazanasan. Bunun üçün isə zəhmət çəkmək lazımdır.
Həmsöhbətimiz kənd yerlərində aztəminatlı ailələrdə qadınların işlə təminatı üçün bu cür uğurlu layihələrin icrasının vacib olduğunu söyləyir.
Mələk Eyvazlı