Fransa Milli Assambleyasında bir neçə ermənipərəst deputatın yaratdığı məlumat missiyasının hesabatı açıqlanıb. İkitərəfli münasibətlərə zərbə vurmaq məqsədi daşıyan hesabat guya Fransa-Azərbaycan siyasi, iqtisadi və mədəni əlaqələrindəki xoşagəlməz məqamları araşdırıb üzə çıxarmalı idi.

Unikal.org xəbər verir ki, qərəzli missiya və ondan qaynaqlanan subyektiv fikirlərlə dolu olan hesabat Fransa Milli Assambleyasının əksər deputatlarının narazılığına səbəb olub. Assambleyanın bir qrup üzvü qərəzli missiya və onun hesabatına qarşı birləşərək kommunike imzalayıblar. Kommunikedə erməni lobbisinin gözləntilərinin əksinə olaraq, Azərbaycanla bağlı obyektiv yanaşma nümayiş etdirilib. Kommunikenin müəllifləri ermənipərəst missiyanın hesabatında 25 ildən çoxdur davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin, həmçinin bu münaqişə nəticəsində öz doğma yurdlarından didərgin düşmüş bir milyondan çox azərbaycanlının fundamental hüquqlarının pozulması faktlarının yer almamasına narazılıqlarını bildiriblər.

Milli Assambleyanın üzvü Jan-Fransua Mansel deyib: "Assambleyanın bəzi üzvlərinin həyata keçirdiyi məlumatlandırma missiyası qərəzli olduğu qədər də qeyri-qanunidir. Bu missiyanın üzvləri subyektiv fikirlərinə əsaslanaraq Azərbaycanda guya insan hüquqlarının pozulması və siyasi həbslərlə bağlı məsələləri qabartmağa çalışırlar. Assambleyada hər kəs bilir ki, bunlar əsassız iddialardır. Bütün regionu təhlükədə saxlayan Dağlıq Qarabağ münaqişəsinə hesabatda yer ayrılmır. Ancaq xırda məsələlər şişirdilir. Bu, qərəzli olmaqla yanaşı, həm də başqa bir dövlətin daxili işlərinə kobud müdaxilə etməkdir. Biz hazırladığımız kommunike ilə məlumat missiyası və onun hesabatına qəti etirazımızı bildirmişik.

Erməni lobbisi tərəfindən idarə olunan bir neçə deputatın hazırladığı qərəzli hesabat Fransa mediası tərəfindən də rədd edilib. Missiya üzvlərinin hazırladıqları hesabatı ictimaiyyətə çatdırmaq üçün keçirdikləri mətbuat konfransı da iflasa uğrayıb. Mətbuat konfransında ikisi azərbaycanlı olmaqla cəmi dörd jurnalist iştirak edib. Ermənipərəst deputatlar Fransua Roşeblan və qərəzli hesabat üzrə məruzəçi Jan Lui Detan boş zal qarşısında cəmi 14 dəqiqə çıxış ediblər. Azərbaycanlı jurnalistlərin sualları qarşısında aciz qalan hər iki deputat mətbuat konfransını tələsik tərk etmək məcburiyyətinə qalıblar.

Xatırladaq ki, hələ ötən ilin iyununda Fransa Milli Assambleyasının xarici məsələlər üzrə komitəsinin iclasında bu ermənipərəst deputatlar Fransa ilə Azərbaycan arasında ikitərəfli siyasi, iqtisadi və diplomatik münasibətlərə dair xüsusi araşdırma komitəsinin yaradılmasını təklif etmişdilər. Lakin Milli Assambleya rəhbərliyi bu təklifin yolverilməz olduğunu bildirərək qətnamə layihəsini rədd etmişdi. (Azərtac)