Cənubi Koreyanın "SK Telecom" və "Samsung Electronics" texnologiya şirkətləri birlikdə ölkədə əşyaların interneti şəhərinin pilot layihəsini hazırlayacaqlar. 
 
Unikal.org-un İKT.lent.az-aə istinadən verdiyi xəbərə görə, əşyaların interneti (İoT) konsepsiyasının sınaqları üçün təcrübə meydançaları Cənubi Koreyanın böyüklüyünə görə dördüncü şəhəri olan və paytaxt Seuldan 300 kilometr məsafədə yerləşə Tequ şəhərində yaradılacaq. Həyata keçirilən layihə tam olaraq İoT infrastrukturun inkişafına istiqamətlənəcək və bərpa olunan enerji mənbələrini, səhiyyə xidmətləri sahəsini, "ağıllı" avtomobillər və "ağıllı" evləri özündə birləşdirəcək. 
 
"SK Telecom" şirkəti layihəyə 76 milyon dollar yatıracaq. "Samsung" isə öz növbəsində bu meydançaları tələb olunan cihaz, avadanlıq və proqram təminatı ilə təchiz edəcək.
 
Tequ şəhərinin meri Kvon Yon Cin bildirib ki, informasiya-kommunikasiya texnologiyaları istehsalı sayəsində flaqmanların köməyi ilə şəhər müasir innovasiyaların tərtibatı, tətbiqi və populyarlaşması üzrə mərkəzə çevrilmək imkanına malikdir. Güman edilir ki, İoT texnologiyaların tətbiqi şəhər büdcəsinə 1 trilyon vondan artıq qənaət etməyə imkan yaradacaq. 
 
Qeyd edək ki, "Gartner Inc" şirkətinin analitikləri proqnozlaşdırır ki, 2016-cı ildə əşyaların internetinin dünya bazarındakı payı 2015-ci illə müqayisədə 22 faiz artacaq və 235 milyard dollar təşkil edəcək.