Ötən gün ticarət mərkəzlərinin birində alıcı oğluna aldığı gödəkçəni israrla qaytarmaq istəsə də, satıcı isə alınan malların geri qaytarılmadığını, məhsulu başqa birisi ilə dəyişməyi təklif edirdi. Mübahisə davam etsə də, satıcı inadından əl çəkmədi və alıcı başqa bir məhsulu alaraq, oradan uzaqlaşdı-¦
Unikal.org sputnik.az-a istinadən xəbər verir ki, xeyli müddətdir ki, bir çox mağazalarda, ticarət mərkəzlərində lövhələrə "Alınan mallar geri qaytarılmır" xəbərdarlığı vurulub. Qanun isə istehlakçının bəzi məhsullar istisna olmaq aldığı məhsulu 14 gün müddətində geri qaytarmaq və dəyişmək hüququ olduğunu deyir. Qanunun 7-ci maddəsi-¦
Hüquqşünas Fərid Həmidli açıqlamasında bildirib ki, hər bir mal normativ-texniki sənədlərin, o cümlədən müvafiq standartların, texniki şərtlərin, sanitar-gigiyenik norma və qaydaların tələblərinə, eləcə də alıcı ilə satıcı arasında bağlanan müqavilə şərtlərinə uyğun olaraq hazırlanmalı və satışa çıxarılmalıdır: "Alınan mallar qaytarılmır" xəbərdarlığı ilə hər yerdə qarşılaşırıq. Mövcud qanunvericiliyə tamamilə zidd olan bu cür yanaşma sayəsində sahibkarlar əslində istehlakçıların hüquqlarını pozurlar. Bu zaman satıcılarla aldığı malı geri qaytarmaq istəyən alıcılar arasında mübahisələr baş verir. İstehlakçıların hələ də öz hüquqlarını lazımi səviyyədə bilməməsindən ticarət obyektlərində belə hallarla tez-tez qarşılaşmaq olur". Həmsöhbətimiz deyir ki, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində qüsurlu mal satılarkən istehlakçının hüquqları təsbit edilib: "Belə ki, zəmanət və yararlılıq müddətində malda müəyyən qüsur və ya saxtalaşdırma halları aşkarlanarsa, istehlakçı satıcıdan və ya istehsalçıdan qüsuru olan malı lazımi keyfiyyətli mala dəyişdirməyi, satış qiymətini uyğun məbləğdə azaltmağı, malın qüsurlarının icraçının, satıcının, istehsalçının hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini, malın, həmin mala uyğun digər modelli (markalı, tipli və s.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini, müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini tələb edə bilər. Satıcı və ya istehsalçı isə öz növbəsində istehlakçıdan lazımi keyfiyyəti olmayan malı geri götürməyə və yuxarıda göstərilən istehlakçının tələblərindən hər hansı birini yerinə yetirməyə borcludur". "İstehlakçının önəmli hüquqlarından biri də onun tələblərini ödəməyən malı lazımı keyfiyyətli mala dəyişdirmək hüququdur. "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanunun 15-ci maddəsinə əsasən, lazımı keyfiyyətli qeyri-ərzaq malı öz formasına, ölçüsünə, rənginə görə istehlakçıya yaramırsa və ya digər səbəblərə görə təyinatı üzrə istifadə oluna bilməzsə, istehlakçının onu alındığı yerdə uyğun mala dəyişdirmək hüququ var" -” F. Həmidli vurğulayıb.
Hansı mallar geri qaytarılmır və dəyişdirilmir?
Həmidli qeyd edir ki, Nazirlər Kabinetinin 21 may 1998-ci il tarixli qərarı ilə AR ərazisində pərakəndə ticarət obyektlərində dəyişdirilməsi mümkün olmayan malların siyahısı təsdiq edilib: "Bu qərarla qızıl və qızıl məmulatları, qiymətli və yarımqiymətli metallardan, daşlardan hazırlanmış məmulatlar, istehsal qüsurları istisna olmaqla bütün növ parçalar və ölçü ilə satılan bəzi mallar (lentlər, tesmalar, haşiyələr), parfümer-kosmetika malları, kişi, qadın və uşaq çimərlik paltarları, baxçayaşlı və yeni doğulan uşaqlar üçün alt paltarları, məişət kimyası malları, şəxsi gigiyena əşyaları (diş fIrçaları, daraqlar, biqudilər və s), uşaq oyuncaqları, istehsal qüsurları istisna olmaqla istifadədə olmuş, üzərində yarlıqlar olmayan kişi, qadın və uşaq corabları, alt paltarları, ərzaq üçün plastmasdan hazırlanmış məmulatlar, dəyəri ödənilmiş və mağazadan çıxarılmış (yararlılıq müddəti ərzində) ərzaq malları geri qaytarılmır".
"Bəzən satıcılar məhsulun keyfiyyətsiz olmasının məsuliyyətini satıcının üzərinə atırlar. Bəzən aldığınız məhsul zay, keyfiyyətsiz çıxa bilər. Əgər satıcı "bunu siz xarab etmisiniz" deyirsə və siz özünüzə əminsinizə, məhsul üçün ekspertiza rəyi ala bilərsiniz. Əgər mal keyfiyyətsiz hesab edilərsə, siz rahatlıqla pulunuzu geri ala bilərsiniz. Malın ekspertiza xərcləri satıcı tərəfindən ödənilməlidir" -” hüquqşünas vurğulayıb.
"Onları boykot etmək lazımdır"
"Azad İstehlakçılar Birliyi"nin sədri Eyyub Hüseynov isə bildirib ki, "alınan mallar geri qaytarılmır" elanları istehlakçı hüquqlarının zəif qorunmasından irəli gəlir: "İstehlakçı bu elanla qarşılaşdığı mağazadan mal almamalıdır. Əgər alıcılar belə elan yazan mağazaları boykot etsələr, bu, kütləvi hal alsa, sahibkarlar istehlakçıların hüquqlarına hörmət etməyə məcbur olacaq. Əvvəllər bu elanlar daha çox idi. İndi mağazaların 80 faizində belə elanlarla qarşılaşmazsınız. Əgər belə elanlar hələ də varsa, bu, qanunların işləməməsindən irəli gəlir". Hüseynov deyir ki, "İstehlakçıların Hüquqlarının Müdafiəsi Haqqında" qanun 1995-ci ildə qəbul olunsa da, sonradan həmin qanuna bir sıra düzəlişlər edilib: "Qanuna görə, alıcı malının keyfiyyət və sertifikatında uyğunsuzluq aşkar edərsə, üzərindəki yarlığı qoparmamaq şərtilə, bir həftə ərzində alış çeki ilə bir yerdə yaxınlaşaraq malı geri qaytara bilər. Ancaq təəssüf olsun ki, bu qanun olduğu halda bir çox mağazalarda işləmir".