Bakı Dövlət Universitetində (BDU) 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilib.
Universitetin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, BDU-nun rektoru, akademik Abel Məhərrəmov tədbiri açaraq Azərbaycan torpaqları hesabına dövlət quran ermənilərin tarixin bütün dönəmlərində xalqımıza qarşı insanlığa yaraşmayan qanlı əməllər törətdiklərini diqqətə çatdırıb. 1918-ci il 31 mart soyqırımından bəhs edən rektor bildirib ki, ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı «Azərbaycanlıların soyqırımı haqqında» fərmanla ilk dəfə olaraq dövlət səviyyəsində bu qətliama siyasi qiymət verilib. Onun sözlərinə görə, hər il martın 31-i Azərbaycanlıların Soyqırımı günü kimi qeyd etməklə bir daha tarixi keçmişə qayıdılır.
Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar 5 dəqiqəlik videoçarxın nümayişindən sonra professorlar İzzət Rüstəmov və Anar İsgəndərov ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşilikləri dövlət cinayətləri adlandıraraq, bu hadisələrin həm də dini-etnik zəmində həyata keçirildiyini bildiriblər.