"Accessbank"ın Londonda aldığı mükafatla bağlı müəmma
12:28 11-07-2012
İQTİSADİYYAT
"Accessbank"ın Londonda aldığı mükafatla bağlı müəmma
İngiltərədə "Euromoney"in üçüncü dəfə verdiyi ödül hara, Azərbaycanda bank haqqında deyilənlər hara?
"AccessBank" Londonda keçirilən "Euromoney" nəşriyyat qrupunun ənənəvi "Ən yaxşı nəticələr" mükafatlandırma mərasimində Azərbaycanın ən yaxşı bankı adına layiq görülüb. Bankın mətbuat xidmətindən verilən məlumata görə, bu nominasiyada bank artıq ardıcıl üçüncü ildir ki, bu mükafatı qazanır.
Maliyyə dünyasında ən nüfuzlu sayılan "Euromoney mükafatı" dünyanın 100-dən artıq ölkəsinin bank və maliyyə institutuna təqdim olunur. Mükafat qrupunun maliyyə analitikləri tərəfindən, namizəd-bankların fəaliyyətinin incələnməsi və xarici müxbir-bankların, eləcə də, görkəmli maliyyəçi və bankçıların sorğulanması nəticəsində verilir. Təhlil zamanı həmçinin, bankın bazardakı yeri və payı, məhsul və xidmətlərin səviyyəsi, idarəetmə sistemi, əməkdaşlarının peşəkarlığı, bankın innovasiya xarakteri və kapitalı nəzərə alınır.
"Kiçik və orta biznes kreditləri və mikromaliyyə sahəsində ixtisaslaşan "AccessBank" məcmu aktivlərə görə Azərbaycanda 8-ci yeri tutur, ötən il isə mənfəətlilik göstəricilərinə görə öz əsas rəqiblərini geridə qoyaraq şəxsi kapitalın gəlirlilik səviyyəsini 20,2 faizə çatdırıb, bu isə həmin sektordakı orta göstəricidən 4 dəfə artıqdır. Aktivlərin keyfiyyəti də "AccessBank"ın əsas üstünlüyüdür. 2011-ci ilin sonunda gecikdirilmiş kreditlərin səviyyəsi 1 faizdən aşağı olub, kredit və depozitlərin bazar payında əsas gəlirləri isə illik hesablama ilə müvafiq olaraq, 3,2 faiz və 1,7 faiz təşkil edib", - "AccessBank"ın mükafatlandırılmasında "Euromoney" nəşrinin təmsilçisi qeyd edib.
Qeyd edək ki, "AccessBank" 100 faiz xarici kapitala malikdir və 6 beynəlxalq maliyyə institutuna məxsusdur. Bunlar Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Qara Dəniz Ticarət və İnkişaf Bankı, KfW Development Bank - Almaniya Hökumətinin İnkişaf Bankı (hərəsi 20 faiz), mikromaliyyələşdirmə sahəsində strateji maliyyəçi rolunda çıxış edən AccessHolding (16,5 faiz) və Almaniyanın LFS Financial Systems GmbH (3,5 faiz) şirkətləridir.
Maraqlıdır ki, ardıcıl üçüncü dəfə Londonda mükafat qazanan bir bankla bağlı Azərbaycan KİV-də münasibət xeyli fərqlidir. Zaman-zaman ölkə mətbuatı "Access-bank"la tənqidi materiallar tərc edir. Bəs bu tənqidlərin əsas məzmunu nədir?
Məsələn, ötən ilin yayında ölkə mətbuatı yazdı ki, Oğuz rayonunda yaşayan yüzlərlə vətəndaş banklardan narazılıq edir. Əhalinin əsas narazılığı isə "AccessBank"dandır. Narazı sakinlərin verdikləri məlumatda iddia edilirdi ki, "AccessBank" vasitəçilərin köməkliyi ilə vətəndaşları aldadaraq onları borca salıb. Belə ki, sözügedən bankdan kredit götürən vətəndaşın adına kredit almaqda yardımçı olan vasitəçi sonradan onları aldadıb. Vasitəçi həmin adamların adına külli miqdarda kredit götürərək rayondan qaçıb. Bank isə sakinlərdən pulunu tələb edir. İlk baxışdan bankın tələbi haqlı görünə bilər. Ancaq vətəndaşlar bildirirdilər ki, bank vasitəçi ilə əlbir olaraq onları aldadıb.
Başqa bir faktı yada salaq: ötən ilin avqustunda ölkə mətbuatı 2007-2009-cu illərdə Masallı, Lənkəran, Salyan, Cəlilabad və digər rayonlarda yaşayan bir qrup insanın fırıldaq qrupuna çevrildiyi barədə məlumatlarla çalxandı. Həmin məlumatlarda bildirilirdi ki, adıçəkilən rayonlarda ümumilikdə 100-ə yaxın insan "güzəştli kredit" hesabına avtomobil alıb. Bütün sənədləşmə işlərini isə yalnız Dilarə İmanova adlı qadın aparıb və səlahiyyəti onunla əsaslandırıb ki, yalnız onun vasitəçiliyilə güzəştli kampaniyaya qoşulmaq mümkündür. Əks halda yüksək faizlər ödəniləcək. Lakin 3-4 aydan sonra bank əməkdaşları bütün sənədlərin saxta olduğunu, Dilarə İmanova adlı birini tanımadıqlarını bildirərək avtomobilləri geri alıblar. Bu məsələ ilə əlaqədar bir neçə il məhkəmə prosesi gedib və sonda məhkəmənin çıxardığı qərar şikayətçiləri qane etməyib.
Şikayətçilərin narazılığının başlıca səbəblərindən biri isə bu fırıldaq əməlində adı keçən banklardan heç birindən ifadə alınmaması olub. Həmin banklar arasında isə "Acces-bank"ın da adı vardı.
Yaxud, adıçəkilən bankla bağlı başqa bir kütləvi narazılıq: bu bank tez-tez işçilərini işdən qovması ilə də məşhurdur. Bildirilir ki, bank yetkililəri bunu əksərən işçilərin öz səhvlərinin nəticəsi kimi qeyd etsələr də, bir bankın öz kadrlarını bu qədər sürətlə dəyişməsi həm maraq, həm də suallar doğurur.
Bütün bunları nəzərə aldıqda "Access-bank"ın üçüncü dəfədir ki, aldığı mükafatla bağlı tərəddüdlərə düşməmək mümkün deyil.
Amma insaf naminə onu da qeyd etmək lazımdır ki, "Access-bank" Azərbaycanın mikro kreditlər sahəsində ən uğurla fəaliyyət göstərən banklarından biridir və vətəndaşların ən çox imdadına çatan bankdır. Ancaq şübhəsiz ki, bu, bankın fəaliyyətindəki qüsurlu məqamları qeyd etməməyə, qabartmamağa əsas yaratmır.
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00