Gəncədə 3 uşaq atası 38 yaşlı H. Səfərovun 23 yaşlı qardaşı qızını qaçırması və onunla dini nikaha da daxil olması barədə xəbərlər mətbuat gündəmini zəbt edib.

Media orqanları bu tip xəbərləri necə təqdim etməlidir?

Məsələ ilə bağlı Unikal.org-a danışan Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli bildirib ki, ictimai marağa zidd olan, ictimai əxlaqın pozulmasına təsir göstərən informasiyaların yayımında müəyyən məhdudiyyətlər qoyulmasına ehtiyac var: "Jurnalistikanın vəzifəsi ictimai maraq kəsb edən informasiyaları yaymaqdır. İctimai marağa zidd olan, ictimai əxlaqın pozulmasına təsir göstərən informasiyaların yayımında müəyyən məhdudiyyətlər qoyulmasına ehtiyac var. Gəncədə baş verən olayla bağlı informasiya verilib və onun pislənilməsi, lənətlənməsi üçün mövqelər açıqlanıb. Mentalitetə zidd olan xəbərlərin yayılması düzgün deyil. Belə xəbərləri informativ formada qeyd etmək olar. Dərhal da mütəxəssis rəyləri açıqlanmalı və müvafiq qurumların mövqeyi əlavə edilməlidir.

M.Ələsgərli mətbuatda kriminal xəbərlərin təqdimatında qeyri-peşəkarlığın olduğunu da vurğulayıb: "Bizdə narahatçılıq doğuran məqam kriminal xəbərlərin çoxluğunda deyil. Problem həm də kriminal xəbərlərin qeyri-peşəkar hazırlanmasındadır. Hadisə baş veribsə, təbii ki, insanlar bundan xəbər tutmalıdır. Bizdə kriminal hadisələri elə təqdim edirlər ki, bu xəbərlər daha çox kriminalı törədən şəxslərin ya təbliğinə yönəlir, ya da elə başqa insanlarda həmin hadisəyə meyl yaradır. Bir də görürsən, kriminal hadisələrdə azyaşlı uşağın adı, soyadı və digər informasiyaları təqdim edirlər. Bu məlumatlar da elektron bazalara düşür və gələcəkdə həmin uşağa problemlər yaradır. Bu cür hallara yol vemək olmaz. Məlum məsələdir ki, kriminal xəbərlər oxucu cəlb edir, auditoriyanı artırır. Ancaq peşəkarlıq prinsipləri əsas götürülməli və belə xəbərlər peşəkar şəkildə hazırlanıb təqdim edilməlidir.

Həsən Babayev