"Azərbaycan Dəmir Yolları" QSC-nin rəhbərliyi ilə aparılan danışıqlar nəticəsində "Nərimanov" elektrik deposuna yaxın ərazidə 8 min kvadrat metrə yaxın torpaq sahəsi metropolitenə verilib. 

"Bakı Metropoliteni"ndən Unikal.org-a daxil olan məlumata görə, yolun ümumi uzunluğu 1060 metr olacaq. Onun 800 metri sınaqların aparılması məqsədilə istifadə ediləcək, 260 metrlik yan yol isə qatar dayanacağı olacaq. 

Ötən müddət ərzində əsas işlər "Bakı Metropoliteni" QSC-nin vəsaiti və daxili əmək resursları hesabına aparılmaqla, sınaq yolu boyunca istinad divarı inşa olunub, mürəkkəb geoloji şəraitdə torpaq işləri görülüb, birinci beton təbəqəsi tökülməklə yol infrastruktrunun qurulması üçün zəmin yaradılıb. "Bakı Metropoliteni" QSC-nin rəhbərliyi yaranmış fürsəti maksimum fayda ilə dəyərləndirmək məqsədilə yeni sınaq yolunu beton bloklardan qurmaq qərarına gəlib. Çünki bu qərar metro xətlərində gələcəkdə inşa olunacaq yeni beton bloklu yolların texnologiyasının mənimsənilməsi və təcrübə toplanması baxımından daha çox əhəmiyyət kəsb edir. Bu məqsədlə metropolitenin aidiyyatı sahələrinin rəhbər, mütəxəssis və işçi heyətinin nümayəndələri sınaq yolunun çəkilməsinə cəlb olunub.