Avropa Azərbaycanlıları Konqresi (AAK) təşkilatın təsisçilərindən biri olan Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) fəaliyyətinin dayandırılmasına dair yayılmış məlumatlarla bağlı bəyanat yayıb.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, bəyanatda bildirilir ki, bu addım ümumi tarixə və mədəniyyətə malik olan Rusiya ilə Azərbaycanın əsrlərə söykənmiş dostluq münasibətlərinin möhkəmlənməsinə qarşı yönəlib.
ÜAK-ın Rusiya-Azərbaycan dostluğunun rəmzi olmaqla yanaşı, eyni zamanda Rusiyadakı Azərbaycan diasporunu birləşdirən bir qurum olduğunu vurğulayan bəyanat müəllifləri bu təşkilatın sadəcə Azərbaycan diasporunun təşəbbüsü ilə yox, Rusiya və Azərbaycan prezidentlərinin razılığı əsasında, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ilin martında təsis olunduğu xatırladıb. Bəyanatda qeyd olunub ki, bu günlərdə Rusiya Xarici İşlər Nazirliyinin saytında iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü ilə bağlı məqalə yerləşdirilib. Bəyanat müəllifləri məqalədə göstərilən amillərdən bir neçəsinə diqqət çəkiblər: "İkitərəfli münasibətlərin prinsip və prioritetlərini müəyyən edən əsas sənədlər 1997-ci il iyulun 3-də Rusiya və Azərbaycan arasında imzalanmış dostluq, əməkdaşlıq və təhlükəsizlik haqqında müqavilə, 2008-ci il iyulun 3-də iki ölkə arasında imzalanmış dostluq və strateji tərəfdaşlıq haqqında bəyannamədir.
Avropa Azərbaycanlıları Konqresi hesab edir ki, ÜAK-la bağlı bu qərar qeyri-obyektivdir. Qurum problemin iki ölkənin maraqlarına uyğun şəkildə ədalətli həllinə inanır, Rusiyadakı ən böyük ictimai təşkilatın fəaliyyətini davam etdirəcəyinə ümid edir.