Marmara Qrubu Strateji və Sosial Araşdırmalar Fondunun təşkilatçılığı ilə İstanbulda keçirilən 20. Avrasiya İqtisadi Sammiti bugün yekunlaşıb.

Unikal.org bildirir ki, sammitin ikinci günü "İslamla həmrəylik ruhu çərçivəsində təcavüz və terror mühitinə qarşı dinlərin sülhə təsiri: qaçqınlıqla terror arasında əlaqə və "İnsanlıq bir yol ayrımında mövzusuna həsr olunub.

Marmara Qrubu Strateji və Sosial Araşdırmalar Fondunun sədri, Dr. Akkan Suverin moderatorluğunda keçirilən birinci paneldə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlıçıxış edib.
Azərbaycanda həyata keçirilən dini siyasətin bütün istiqamətlərinin ədalət prinsipləri üzərində kökləndiyini diqqətə çatdıran M.Qurbanlı son illər ayrı-ayrı ölkələrdə şiddətlənən münaqişələrin və terror aktlarının acı nəticələrinə toxunaraq təəssüflə ifadə edib ki, silahlı qarşıdurmalardan və insanlıq əleyhinə törədilən digər cinayətlərdən daha çox zərər çəkən İslam ölkələri və müsəlman xalqlarıdır. Erməni terrorizmindən ağır zərbələr alan Azərbaycan terrorizmin bütün formalarını qətiyyətlə pisləyir və onunla mübarizədə davamlı addımların atılmasının tərəfdarıdır. Prezident İlham Əliyevin müvafiq Sərəncamı 2017-ci ili Azərbaycanda "İslam Həmrəyliyi İli elan edilməsinin əhəmiyyətindən bəhs edən M.Qurbanlı bütün dinləri təmsil edən insanları azad və rahat ibadət etmələrinə, birgə yaşamasına və bərabərhüquqlu fəaliyyətinə göstərilən dövlət qayğısı, eləcə də mövzunu əhatə edən digər həqiqətlərdən danışıb.

Hacı S. Musayev Azərbaycandakı dini bərabərlik, dinlər arasındakı mövcud nümunəvi münasibət, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dostluq və qardaşlıq siyasətinin real nəticələrindən bəhs edib. Ayrı-ayrı İslam dini adı altında törədilən qeyri-insani hərəkətlərin yolverilməz olduğunu diqqətə çatdıran S. Musayev bu hallardan istifadə edərək müsəlman aləminə qarşı qarayaxmaların, böhtan və şər xarakterli təhlükəli təbliğat kampaniyalarının qarşısının alınmalı olduğunu vurğulayıb.

Azərbaycan heyyətinin etdiyi hər iki çıxışında da sammit iştirakçılarına 2017-ci ili Azərbaycanda "İslam Həmrəyliyi İli elan edilməsi zamanın tələbi olduğunu bildirərək, Azərbaycan dövlət başçısının məhz zamanında qəbul etdiyi bu qərarı sülhsevər dünya ictimaiyyəti, eləcə də müsəlman aləmi tərəfindən rəğbətlə qarşılandığını bildiriblər.
"İnsanlıq bir yol ayrıcında mövzusunda keçirilmiş panelində Türkiyənin keçmiş dövlət başçısı Abdullah Gül ilə birgə 4 dövlət başçısı, 9 eks-prezident çıxış edib.

Zirvə işini başa çatdırıb.

Anar Əsədov
İstanbul