Somalinin paytaxtı Moqadişo yaxınlığında naməlum silahlılar içərisində Türkiyə və Azərbaycan vətəndaşları, eləcə də yerli sakinlər olan xidməti avtomobilə hücum ediblər.
 
Unikal.org-un APA-ya istinadən məlumatına görə, müəllim və şagirdləri daşıyan mikroavtobusa silahlı hücum zamanı həlak olan və xəsarət alan Azərbaycan vətəndaşlarının Göyçay rayon sakinləri olduğu müəyyənləşib. Hadisə zamanı Göyçayın Ləkçiplaq kənd sakini, 1982-ci il təvəllüdlü İsmayılova Kəmalə Savalan qızı ölüb, onun iki oğlu - 11 yaşlı Nihad və 10 yaşlı Nicat İsmayılovlar isə ağır bədən xəsarətləri ilə paytaxt xəstəxanalarından birinə yerləşdirilib. Hadisə barədə xəbər tutan Kəmalə İsmayılovanın həyat yoldaşı İsmayılov Əflatun Veysəl oğlu koma vəziyyətinə düşüb. 
 
***
Rəsmi Bakı Somalinin paytaxtı Moqadişoda martın 30-da baş vermiş hadisə ilə bağlı araşdırma aparır.

Unikal.org xəbər verir ki, XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Trend-ə bildirib: "Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən Somalinin paytaxtı Moqadişoda 30 mart tarixində içərisində Türkiyə və Azərbaycan vətəndaşlarının da olduğu nəqliyyat vasitəsinə silahlı hücum edildiyi və hücum nəticəsində həlak olanlar arasında bir nəfər Azərbaycan Respublikası vətəndaşının olduğu barəsində məlumat verilib".

H.Hacıyev deyib ki, Azərbaycanın Ankaradakı səfirliyi həlak olan Azərbaycan vətəndaşının kimliyinin müəyyən edilməsi və digər zəruri tədbirlərin görülməsi üçün Türkiyənin Xarici İşlər Nazirliyi və digər aidiyyəti dövlət təşkilatları ilə təmasdadır: "Biz də həlak olanların ailələrinə dərin hüznlə baş sağlığı veririk".