Bu gün Azərbaycan Milli Məclisinin növbəti plenar iclası keçirilir.
Unikal.org xəbər verir ki, iclası spiker Oqtay Əsədov açıq elan edərək əvvəlcə cari məsələlərə yer verib.
İclasın gündəliyinə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı ilə birlikdə 40 məsələ daxildir.
Ümumrusiya Azərbaycanları Konqresinin fəaliyyətinin dayandırılması ilə bağlı müraciət Milli Məclisdə etirazla qarşılanıb.
Plenar iclasında çıxış edən Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib ki, bu, Rusiya ilə Azərbaycan arasında münasibətlərə ciddi xələl gətirmək istəyən qüvvələrin təhrikidir.
Azərbaycanda 300-dən çox rusdilli məktəb, o cümlədən Rusiya ali təhsil müəssisələrinin filiallarının fəaliyyət göstərdiyini xatırladan S. Novruzov qeyd edib ki, Rusiyadakı konqresin fəaliyyəti aktiv olub. Konqres bu ölkədəki azərbaycanlıları birləşdirən böyük təşkilatdır. O təklif edib ki, Milli Məclisdəki dostluq qrupu parlament adından bu barədə müraciət hazırlasın.
"Azərbaycan Ermənistan istisna olmaqla bütün qonşularla yüksək səviyyədə müttəfiqlik münasibətindədir. Rusiya ilə həmişə münasibətlərə böyük diqqət veririk. Ona görə də konqresimizin ləğvi barədə qərar həm iki dövlət, həm də iki dövlətin vətəndaşları arasında narazılıq yaradır - deyə, deputat bildirib.